Türkiyənin enerji və təbii sərvətlər naziri Fateh Dönməz müqavilə şərtlərinə əsasən İranla enerji ticarətinin davam edəcəyini açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, nazir “A Haber” telekanalına müsahibəsində İranla neft və qaz sahəsində uzun illərdir ticarət əlaqələrinin olduğunu deyib.
Təbii qaz idxalı ilə əlaqədar uzunmüddətli müqavilənin olduğunu xatırladan Fateh Dönməz bildirib ki, sözügedən kontrakt 2026-cı ilədək qüvvədədir: “İldə təxminən 9,5 milyard kubmetr civarında təbii qaz alırıq. Ölkə vətəndaşlarını soyuqda və ya işıqsız qoya bilmərik. Buna görə də müqaviləmizə əsasən ticarət əlaqəmiz davam edəcək”.
Türkiyəli nazir ABŞ-ın İrana tətbiq etdiyi embarqonun birtərəfli olduğunu, Avropa Birliyinin də situasiyadan olduqca narahatlıq duyduğunu qeyd edib: “Biz qanuni ticarət əlaqəsi qurmuşuq. Bu, təchizatın təhlükəsizliyi baxımından da çox vacibdir. Həmçinin qonşu ölkələrik, illərdir ticari əlaqələrimiz mövcuddur”.
Türkiyə nümayəndə heyətinin ABŞ-da səfərdə olduğunu vurğulayan Fateh Dönməz bildirib ki, sanksiyalar da daxil olmaqla bir sıra mövzularda müzakirələr aparılacaq: “Sözügedən dialoqdan müsbət nəticə çıxacağına ümidliyəm”.
ABŞ Prezidenti Donald Tramp dünən tvitterdə bəyan edib ki, İranla iş görən Amerika ilə iş görə bilməyəcək .