ABŞ prezidentinin köməkçisi Mayk Pens 2020-ci ilə qədər ABŞ Kosmik Qoşunları Komandanlığının təsis ediləcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Pens kosmosun artıq qələbəlik və mübahisəli ərazi halına gəldiyini, ABŞ burada üstünlüyünü qorumalı olduğunu bildirib.
"Silahlı Qüvvələrimizin tarixinin yeni bölümünü yazmağın vaxtı gəldi. Sonrakı müharibəyə hazırlaşmaq, ölkəmiz və xalqımıza yönəli yeni təhdidləri dəf etmək, Amerikanın ən yaxşı, ən cəsurlarını xidmətə çağırmağın vaxtı gəldi. ABŞ Kosmik Qoşunlarının yaradılmasının zamanıdır", deyə Mayk Pens bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bu ilin fevral ayında ölkədə yeni qoşun növünün – kosmik qoşunların yaradıla biləcəyini bəyan edib. Tramp əvvəlcə bu ideyaya ciddi yanaşmadığını, sonradan isə onun əla ideya olduğu qənaətinə gəldiyini deyib.
“Mənim kosmos barədə yeni milli strategiyam yerdə, havada və suda olduğu kimi, kosmik fəzada da hərbi əməliyyatların aparıla biləcəyini qəbul edir”, - deyə ABŞ lideri bildirib.
Fevral ayının sonlarında ABŞ Hərbi Hava Qüvvələrinin qərargah rəisi Devid Qoldfeyn bir neçə ildən sonra kosmosda müharibənin real ola biləcəyini vurğulayıb. Onun fikrincə, Birləşmiş Ştatlar kosmik fəzada üstünlüyü ələ almalıdır. Devid Qoldfeyn əlavə edib ki, ABŞ-ın zərbə gücünün artırılması üçün havada, yerdə, dənizdə, kibersahədə və kosmosda kəşfiyyatı və kommunikasiya imkanlarını inteqrasiya etmək lazımdır.
“Space News” saytının məlumatına əsasən, ABŞ Hərbi Hava Qüvvələrinin bu il kosmik proqramlara ayırdığı büdcə 7,75 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 20 faiz çoxdur. Gələn il həmin xərclərin 8,5 milyard dollara çatdırılması planlaşdırılır.