Hazırda dünyada sürətli və mürəkkəb geosiyasi proseslərin getdiyini mütəxəssislər açıq etiraf edirlər. Meydana çıxan yeni faktorların bütövlükdə bəşəriyyəti hara aparacağını proqnozlaşdırmaq mümkün deyildir. Lakin bu proses konkret dövlətlər arasında münasibətlərin məzmununa da ciddi təsir göstərir. Bu bağlılıqda terrorçu qruplaşma ilə əlaqədə adı keçən amerikalı keşiş Endryu Bransona görə Amerika ilə Türkiyə arasında yaranmış ziddiyyətlər diqqəti çəkir. Belə görünür ki, Vaşinqton pastor uğrunda ciddi mübarizəyə girişib.
Nəyin bahasına olur-olsun bu adamı həbsdən qurtarmaq fikrindədir. Bu zaman özünün oxşar situasiyalarda saymazyana davranmasını nəzərə belə almır. Amerika yalnız tələb etməyi bacarır. Nəticədə, Ankara sərt şəkildə Donald Trampa rədd cavabı verib. İndi keşiş ev dustaqlığındadır. Onun məhkəməsi davam edir. Türkiyə rəhbərliyi əsas qərarı məhkəmənin verəcəyini dəfələrlə bildirib. Bununla yanaşı, bir neçə inkişaf etmiş dövlətin başçıları İstanbulda görüşmək qərarına gəliblər. Bu hadisənin geosiyasi təsiri üzərində ABŞ-Türkiyə münasibətləri kontekstində dayanmaq maraqlı olardı.
Haqlı tərəf: Vaşinqtonun birtərəfli yanaşması
Dünyada qlobal güclər arasında mübarizə getdikcə daha gərgin xarakter alır. ABŞ və Rusiya arasında bu proses uzun müddətdir ki, davam edir. Son zamanlar ABŞ-Avropa İttifaqı və ABŞ-Türkiyə münasibətlərində də ciddi silkələnmələr özünü göstərir. Bunlar təbii ki, bütövlükdə qlobal proseslərin mənzərəsinə təsir göstərir. Ekspertlər həmin məqamla bağlı müəyyən proqnozlar verməyə çalışırlar.
Bu kontekstdə daha çox Amerika-Türkiyə münasibətlərinin dinamikası maraq doğurur. Bunun əsas səbəbi ənənəvi müttəfiq olan iki böyük dövlətin əlaqələrində sıxıntıların meydana gəlməsi və problemlərin həll edilməməsidir. Ankara Vaşinqtondan aldığı təhdidləri qulaqardına vurur. Vaşinqton isə özünü hələ də dünyanın ağası kimi aparmağa çalışır. Ona elə gəlir ki, dünyada hər bir dövlət onun maraqlarına xidmət etməlidir. Və Amerika nə deyirsə, həqiqət odur.
Konkret olaraq ABŞ-Türkiyə münasibətlərini gərginləşdirən səbəblər içərisində Suriyadakı terror qrupları və protestant keşişi (pastor) Endryu Branson məsələləri vardır. Ankara dəfələrlə Vaşinqtonu Suriyadakı terror qruplarına dəstək verməməyə və onları Türkiyəyə qarşı silahlı fəaliyyətə təhrik etməməyə çağırıb. Bu zaman Ankara konkret sənədlər və dəlil-sübutlarla çıxış edib.
Burada Ankaranın terror təşkilatları sırasında FETÖ-nü də nəzərdə tutduğunu demək lazımdır. ABŞ hakimiyyəti uzun müddətdir ki, Fətullah Güləni qoruyur və onu Türkiyəyə təhvil vermir. Ankara isə dediyindən dönmür. Bu kontekstdə Türkiyə üçün Xalq Banka qarşı Amerikanın mövqeyi və Atilla adlı bir bank işçisinin Amerikada həbsə atılması həll edilməli olan vacib məsələlərdəndir.
Belə çıxır ki, Ankaranın mövqeyinə görə, Amerika geniş cəbhədə Türkiyəyə qarşı olan terror qruplarını dəstəkləyir. Yəni məsələ yalnız Suriyadakı bir neçə terror qrupuna Amerikanın silah-sursat verməsindən və müxtəlif yardımlar etməsindən ibarət deyil. Vaşinqton müxtəlif yerlərdə və fərqli adlar altında Türkiyəyə qarşı radikal tədbirlər almaqda davam edir. Məhz bu aspektdə keşiş E.Branson məsələsi olduqca ciddi siyasi məzmun kəsb edir. Bu şəxs Türkiyədə hansı səbəbdənsə "kürd kilsəsi" adlandırılmış bir kilsədə rahiblik edirmiş.
Kilsəyə ibadətə gedən Türkiyənin kürd əsilli vətəndaşları qəribə hadisələrlə rastlaşıblar. Onlar keşiş E.Bransonun türklərlə kürdlər arasında ayrı-seçkilik yaratdığının şahidi olublar. Hətta kilsədəki oturacaqlara "burada türklər otura bilməzlər" kimi şovinist yazılar vurulubmuş. Kürdlər dini ibadətin olduğu yerdə bu kimi olayların yolverilməz olduğu barədə xüsusi xidmət orqanlarına məlumat veriblər. Onun əsasında E.Branson həbs edilib. Keşiş üçün prokurorluq 35 il həbs cəzası istəyib.
Maraqlısı bundan sonra baş verib. Türkiyə məhkəməsi E.Bransonun səhhətindəki problemləri nəzərə alaraq, həbs cəzasını ev dustaqlığı ilə əvəz edib. Buna Amerikadan təşəkkür əvəzinə yeni hədələr gəlib. ABŞ Prezidenti və onun yardımçısı Türkiyədən keşişi dərhal azad etməyi tələb edib, hətta kobud ifadələr işlədiblər. Ankara dərhal cavab verib. Türk rəsmiləri ABŞ-ın ağlını başına toplamasını məsləhət görüblər. Ayrıca D.Trampla bağlı da sərt ifadələr işlədilib. Qısa desək, Ankara kifayət qədər ağır formada rədd cavabını verib.
Sanksiya siyasəti: alternativ güc formalaşır?
Vaşinqton Ankaranı sanksiyalarla hədələyib. Prezident Rəcəb Tayyib Ərdoğan isə bunları veclərinə almadıqlarını və Branson məsələsində ancaq türk məhkəməsinin alacağı qərara hörmət edəcəklərini bəyan edib. Bunun fonunda Amerikanın İrana qarşı qoyduğu sanksiyalara Türkiyənin qoşulmasını istəməsi hadisələrə öz damğasını vurub. Rəcəb Tayyib Ərdoğan bu tələbi də rədd edib. O, İranın sanksiyalara dayanışını misal kimi göstərərək, dünyanın dağılmayacağını deyib.
Bütün bunlara geosiyasi kontekstdə baxdıqda, sözün həqiqi mənasında təhlükəli proseslərin başladığını görürük. Amerika bütün dünyaya qarşı demək olar ki, sərt mövqe tutmaqdadır. Avropa İttifaqı ölkələri belə Trampın qəzəbindən kənarda qala bilmirlər. Vaşinqton Böyük Britaniya, Fransa və Almaniyaya qarşı elə addımlar atır ki, siyasi liderlər təəccüb edirlər.
Məsələn, Böyük Britaniyanın Baş naziri Tereza Mey D.Trampın ona "Avropa İttifaqı ilə dialoq aparma, ona dava aç" deməsindən çox təəccübləndiyini bəyan etmişdi. ABŞ Prezidentinin Angela Merkelə qarşı kobud davranması dünya KİV-lərinin mövzularından biri olmuşdu. Emmanuel Makron ilə D.Trampın hər görüşü qeyri-adi bir davranışla yadda qalır. Bütün bunlara indi Trampın Ərdoğanla münasibətlərindəki qeyri-adiliklər əlavə olunur. Nəticədə, düşündürücü bir vəziyyətin meydana gəldiyi hiss olunur.
Məsələ burasındadır ki, Amerika sanki dünyanın geosiyasi tarazlığını pozur, indiyə qədər mövcud olan münasibətlər sistemini, dövlətlərin bir-birinə olan etibarını dağıdır, əvəzində isə konstruktiv bir şey təklif etmir. Ancaq öz maraqlarının təmin olunmasından getdikcə daha çox bəhs edir. Onda deyə bilərik ki, Amerika rəhbərliyi çılğınlaşıb. Səbəbi nədən ibarətdir?
Görünür, Vaşinqtonu ilk növbədə dünyanın bir sıra dövlətlərinin sürətli inkişafı və öz maraqlarını qorumaq üçün daha fəal mövqe nümayiş etdirmələri özündən çıxarır. Amerika rəhbərliyi alternativ güclərin meydana gələ bilməsini qəbul etmək istəmir. Bu sırada Rusiya, Çin, Almaniya və Türkiyə daha çox fərqlənirlər. Onlar əvvəlki qaydada okeanın o tayından təzyiqlərin olmasını istəmirlər. Təsadüfi deyil ki, Almaniya Kansleri A.Merkel bir neçə dəfə deyib ki, Amerikanın ümidinə qalmaq olmaz.
Bütün bunlar dünyanın inkişaf etmiş dövlətlərinin bir araya gəlib, ortaq qərarlar alması zərurətini şərtləndirir. Bu baxımdan İstanbulda Almaniya, Fransa, Rusiya və Türkiyə liderlərinin görüşünə dair qərarın qəbulu mütəxəssislərin böyük marağına səbəb olub. Sadalanan dövlətlərin birgə imkanları çox genişdir. Onlar dünya miqyasında söz sahibidirlər. Ən maraqlısı odur ki, Fransa və Almaniya da bu görüşdə iştirak edir. Onlar arasında hansı razılıqlar əldə oluna bilər?
Bəri başdan konkret bir proqnoz vermək çox çətindir. Lakin Fransa və Almaniyanın Türkiyə və Rusiya ilə xeyli məsələlərdə fikir ayrılıqlarının olduğu bəllidir. Öz növbəsində Ankara ilə Moskvanın da müəyyən məsələlərə baxışları fərqlidir. Buna görə də İstanbul görüşündə hansısa konkret əməkdaşlıq formatının yaranacağına ümid etmək çətindir. Ancaq həmin dövlətlərin hamısı üçün ortaq olanı Amerikanın onlara qarşı ticarət müharibəsinə başlaması və hər birinə təzyiq göstərməyə çalışması ilə bağlıdır. Məhz bu nöqtədə o dövlətlər ortaq fəaliyyət planı üzərində işləyə bilərlər.
Dünyada beynəlxalq hüququn yenidən bərqərar olması üçün birgə çalışmaq olar. Mövcud ziddiyyətlər isə zaman-zaman prosesin gedişində çözülə bilər. İndi daha aktual olan bir dövlətin bütün dünyanı cəzalandırmaq kimi əsassız iddiaya düşməsinin qarşısını almaqdan ibarətdir.
Digər tərəfdən, dünya geosiyasi olaraq yeni əsaslarda iki düşərgəyə ayrılmaz ki? Mümkündür və İstanbul sammiti burada təkanverici funksiya yerinə yetirə bilər. Bu baxımdan İstanbul görüşü tarixi əhəmiyyət kəsb edir. Uzun illərdir ki, bu tərkibdə liderlər müzakirə aparmırdılar. Onların hansı qərarları qəbul edəcəyindən geosiyasi xarakterli bir çox məqamlar asılı olacaq. Türkiyənin belə bir görüşə ev sahibliyi etməsi isə onun dünyada nüfuzunun daha da yüksəldiyini və qlobal güclər sırasına daxil olduğunu təsdiqləyir.
Bu proseslər aspektində Türkiyə-ABŞ münasibətlərinə nəzər salsaq, mövcud durumun kifayət qədər qeyri-müəyyən olduğu nəticəsini ala bilərik. Yəni bu qarşıdurmanın favoriti Amerika deyil. Əksinə, Türkiyənin beynəlxalq dəstəyi daha çoxdur. Deməli, bir çox məqamlar Ankaranın nə dərəcədə fəal olacağından asılıdır.
/Newtimes.az/