Rusiya, Çin və İrandan sonra Türkiyəyə iqtisadi savaş elan edən ABŞ-ın növbəti hədəfi Avropadır.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin “Yeni Şafak” qəzetinin köşə yazarı İbrahim Karagül deyib.
Müəllif yazıda eyni zamanda, Asiya və Cənubi Afrika ölkələrinin də hədəfdə olduğunu yazır:
“Bütün dünyaya iqtisadi savaş elan edən ABŞ qlobal meydanda tək qalıb. Təkləndikcə aqressivləşən və dünya üçün təhlükəyə çevrilən ABŞ-ın Türkiyəyə olan hücumları dünyaya açılan savaşın bir hissəsidir. Əslində bu, 400 il sonra dünyanı təkbaşına idarə etmək vəsiqəsini itirənlərin öz güclərini bərpa etmək cəhdlərdir.
Rusiya, İran, Çin və Türkiyəyə iqtisadi savaş elan edənlərin növbəti hədəfi başda Almaniya olmaqla Avropa, Cənubi Afrika və Asiya ölkələridir. Çox yaxın vaxtlarda bu ölkələrə də iqtisadi savaşların elan ediləcəyinin şahidi olacağıq.
Başqa sözlə, qlobal miqyasda ölkələri talan etmək planı dövriyyəyə girib. Bu mənada, Türkiyəyə qarşı olan kənar təzyiqlərlə son 5 ildə zənginləşən ölkənin qazandıqlarını talan etmək niyyətlərini ortaya qoydular. Qərb, yaxud ABŞ dəli kimi dünyanı talan etmək üçün hücuma keçib”.
İbrahim Karagül bütün dünyanın təhdid altında olduğunu yazır: “Hələlik hücumlar iqtisadi xarakter daşıyır, çox yaxın vaxtda açıq hərbi müdaxilələrin ediləcəyini də görəcəyik. Dünyaya elə bir fəlakət yaxınlaşır ki, ölkələr onlara qarşı birgə hərəkətə keçməlidirlər”.