Rusiyanın “Rubin” (Kazan) futbol klubunun oyunçusu Sərdar Azmun ona dəstək verən Güney Azərbaycanın “Traktor” komandasının azərbaycanlı tərəfdarlarına cavab verib.
Teleqraf.com xəbər verir ki, İrandan olan türkmən futbolçu İnstaqram səhifəsində azərbaycanlı azarkeşlərinə təşəkkür edib.
Sərdar Azmun onun şəklini qaldıran “Traktor” tərəfdarlarının bu görüntüsünü sosial şəbəkədə paylaşıb və qeyd edib: “İltifatınız üçün təşəkkür edirəm. Sizi çox sevirəm, dəyərli Azərbaycan əhalisi…”.
İranda irqçi təhqirlərə məruz qalan Sərdar Azmuna dəstək məqsədilə qaldırılmış bannerdə “Traktor”un türk sərdarı” və ”Traktor” yalnız futbol komandası deyil, bir millətin kimlik harayıdır” sözləri yazılıb.
Qeyd edək ki, türkmən oyunçunun şəkli Tehranda “Traktor” və “İstiqlal” komandaları arasında keçirilmiş qarşılaşmadan əvvəl nümayiş etdirilib.
Xatırladaq ki, Rusiyada keçirilən Dünya Çempionatı ərəfəsində Sərdar Azmun İranda təhqir edilmişdi. Fars millətçilərin təhqirlərinə cavab olaraq, Güney Azərbaycanda türkmən futbolçuya dəstək aksiyası keçirilmişdi.
Çempionat başa çatdıqdan sonra Sərdar Azmun etiraz olaraq, İran millisində oynamaqdan imtina edib.