Türkiyə hakimiyyətinin Rusiya və İranla birgə strateji tərəfdaşlığına cavab olaraq, kənardan edilən müdaxilələr ölkə iqtisadiyyatını çökdürməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq Türkiyəyə edilən hücumların arxasında ABŞ-ın dayandığını bildirib: “ABŞ Türkiyə ilə NATO çərçivəsində müttəfiq əlaqələrə malikdir. Lakin son illərdə ABŞ və Türkiyə arasında baş verən gərginlikdən sonra Türkiyə Qərbdən uzaqlaşmağa başladı, üstəgəl, Prezident Rəcəb Tayyib Ərdoğanın öz hakimiyyətini gücləndirməsinə yönəlik addımları ABŞ-ın hücumlarını şərtləndirdi.
Hesab edirəm ki, bu baxımdan, indiki şəraitdə Türkiyəyə edilən hücumlarda əsas məqsəd Ərdoğanın kürsüsünü laxlatmaqdır”.
M.Əsədullazadə qeyd edib ki, sentyabr ayında ABŞ-a səfər edəcək Ərdoğan burada Prezident Donald Trampla ortaq məxrəcə gəlməlidir: “Düzdür, Tramp ətrafında olan yevangelist-neiokonlar Ərdoğana qarşı sərt xətt tərəfdarıdırlar, amma iki ölkə arasındakı müttəfillik əlaqələri imkan verir ki, əlaqələr öz axarına düşsün. Buna görə də, Ərdoğan Gülən məsələsini bağlamalıdır və məsələdə Vaşinqtonla konfontrasiyaya getməməlidir.
Vaşinqton heç vaxt Güləni Ankaraya ekstradisiya etməyəcək. AKP iqtidarı, ABŞ-la emosional deyil, praqmatik siyasətə qayıtmalıdır”.