Xəzərin hüquqi statusu ilə bağlı Aktau Konvensiyasının imzalanması tarixi hadisədir. Əlbəttə, bu müqaviləni 5 dövlətin imzalaması üçün bütün tərəflərin maraqları nəzərə alınmalı idi.
Teleqraf.com xəbər verir ki, bunu Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquq müdafiəçisi Sahib Məmmədov deyib.
O, bu konvensiyanın Azərbaycan üçün əhəmiyyətli olduğunu diqqətə çatdırıb: “Azərbaycan üçün bu konvensiyanın əhəmiyyəti böyükdür. “5-ci kalon”un və erməni şəbəkəsinin məyusluğu monitordan hiss olunur”.Top of Form
Sahib Məmmədov Xəzərin coğrafi statusu məsələsinə də toxunub:
“Konvensiyanın məqsədləri üçün Xəzər müəyyən məslələrdə 1982-ci il Montego Bay Konvensiyasının müəyyən etdiyi anlayışlara görə göl, müəyyən məslələrdə isə dəniz kimi nəzərdə tutulur. Bu onun coğrafi mənada statusunun dəyişməsi deyil, hüquqi mənada dəyişməsidir. Coğrafi mənada Xəzər qapalı hövzədir, dəniz səviyyəsindən hazırda 26 metr aşağıdır. Yəni göldür.
Azərbaycan üçün Xəzərin konvensiyasının bəzi müddalarında göl olması lazımdır. Çünki bu zaman hövzə sektorlara bölünür və beləliklə, hazırda neft hasil etdiyimiz sahələr Azərbaycana aid olur. Əgər Xəzər Konvensiyanın məqsədləri üçün yalnız dəniz kimi göstərilsəydi, onda belə olmayacaqdı. Konvensiyanın bəzi müddaları üzrə Xəzərin dəniz kimi qəbul edilməsi isə ərazi suları çıxılmaqla gəmilərin, o cümlədən hərbi gəmilərin neytral sularda sərbəst hərəkəti üçündür.Azərbaycanın Xəzər Flotiliyası üçün də eyni imkan var, digər ölkələrinin hərbi gəmiləri üçün də. Bir daha qeyd edim ki, konvensiya bütün məslələri həll etməyib. Digər məslələr ikitərəfli qaydada həll olunmalıdır. Bütün hallarda Azərbaycan indiyədək Xəzərdə nə edə bilirdisə, bundan sonra da edə biləcək”.