Türkiyə ABŞ-dan idxal edilən elektrik məhsullarını boykot edib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının 16-cı simpoziumunda çıxış edərkən deyib.
Ərdoğan bildirib ki, ABŞ-ın maliyyə sanksiyalarına qarşı edə biləcəkləri iki şey var: “Türkiyəyə qarşı açıq iqtisadi hücum var. Mütəşəkkil formada üstümüzə gəlirlər. Edə biləcəyimiz iki şey var: biri iqtisadi, digəri siyasi davranışdır. İqtisadiyyatın tələb etdiyi texniki tədbirləri gördük, görürük. Amerikanın elektrik məhsullarını biz boykot edəcəyik. Onların “Ayfon”u varsa, o biri tərəfdə “Samsunq”var. Öz ölkəmizdə “Vestel” var. Biz bunlardan istifadə edəcəyik. İşin arxasında başqa niyyətlər var. Özümüzə güvənirik.
Biz sizinlə strateji ortaq deyilikmi? Somalidə bərabər olmadıqmı? Əfqanıstanda hər kəs bir tərəfə qaçarkən orada bərabər qalmadıqmı? Kosovada bərabər olmadıqmı? Bəs bu etdiyiniz nədir? Nə etmək istəyirsiniz? Amma bunu bilin, bu millətin xarakteri saga-sola sovrulan deyil. Fabriklərimizi çox işlədəcəyik, sərmayələrimizə ara verməyəcəyik. Dünya qazan, biz çömçə. Daha çox çalışacağıq. Sağ olsunlar, Qərb dostlarımız zəng edir, görüşürük”.