ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı böhran adi bir səhvdən yaranıb.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə İngiltərədə nəşr olunan “Guardian” qəzeti çıxış edib.
Martin Çulovun müəllifi olduğu məqalədə bildirilir ki, anlaşılmazlıq İsraildə saxlanılan Türkiyə vətəndaşı Ebru Özkan və Türkiyədə həbs edilmiş amerikalı keşiş Endryu Bransonla bağlı Ərdoğan və Tramp arasında aparılan danışıqlar zamanı ortaya çıxıb:
“Ərdoğanın sözləri Tramp tərəfindən səhv başa düşülüb.
Amerika prezidenti Ebru Özkanın sərbəst buraxılması üçün İsrailin Baş naziri Binyamin Netanyahunu yola gətirməsindən sonra Ərdoğanın da Bransonu sərbəst buraxacağına inanıb. Ərdoğan isə bunun yerinə Trampın Bransonu ev həbsinə göndərilməsinə razı olduğunu düşünüb. Beləliklə, bu anlaşılmazlıq iki dövləti üz-üzə qoyub”.
Qəzet görüşün NATO-nun Brüssel sammiti çərçivəsində baş tutduğunu və orada sadəcə bir tərcüməçinin olduğunu bildirib. İddiaya görə, Ərdoğan görüşdə Trampdan İsraildə saxlanılmış türk qadının sərbəst buraxılması üçün kömək istəyib.
ABŞ prezidenti isə ona “Əvvəlcə Bransonun sərbəst buraxılacağı ilə bağlı sizdən təminat istəyirəm” cavabını verib. Ərdoğan ona cavabında “Razıyam, amma…”, dedikdən sonra görüşdə baş vermiş anlaşılmazlıq onun öz sözünü tamamlamasına imkan verməyib.
Əslində isə Ərdoğan Trampa bu cavabı vermək istəyib: “Razıyam, amma biz bu məsələ haqda qarşılıqlı anlaşma ilə uyğun qərar verəcəyik”.