14 Avqust 2018 16:40
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 20-25 il ərzində Ermənistan ümumi ritorika üzərində qurulmuş və konkret layihələrin həyata keçirilməsi əks olunmayan siyasət aparıb. Ermənistanın heç bir enerji və nəqliyyat diplomatiyası yoxdur, bu mənada ən yaxşı halda İrana ümid edilib. Lakin İranın digər qonşu dövlətlərlə dərinləşən əlaqələri və Ermənistanın geosiyasi çəkisinin az olması bizim bu ümidimizi də puç etdi. Bu, Ermənistan üçün həyəcan siqnalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın təhlükəsizlik sahəsi üzrə mütəxəssisi Vahe Davtyan deyib.

Mütəxəssis İran və Ermənistan arasında elektrik enerjisi üzrə aparılan danışıqların da dayandığına diqqət çəkib:

“Ermənistan üzərindən Gürcüstana elektrik xətlərinin çəkilməsi nəzərdə tutulurdu. 30 il bu haqda danışdılar, amma əməli addım atılmadı. Çünki Gürcüstan həm Azərbaycandan ucuz elektrik enerjisi alır, həm də öz tələbatını daxili resursları hesabına ödəyə bilir.

Ermənistan üzərindən Gürcüstana nəzərdə tutulan qaz xətti layihəsi də fiaskoya uğradı. Gürcüstan öz tələbatını yenə də Azərbaycanın hesabına ödəyə bilir. İndi Gürcüstana nə qaz lazımdır, nə də elektrik enerjisi. Zərbə altında isə Ermənistan qaldı”.

Vahe Davtyan qeyd edib ki, Ermənistanın xarici bazarlara çıxmaq imkanları tamamilə məhdudlaşıb: “Ermənistan tamamilə küncə sıxışdırılıb və xarici bazarların qapısı üzünə bağlanılıb”.

Erməni ekspert yaxın günlərdə Xəzəryanı dövlətlər arasında imzalanmış konvensiyadan da danışıb: “Mən bu məsələni daha çox dramatikləşdirmək istəmirəm, amma Xəzərin hüquqi statusu ilə bağlı imzalanmış konvensiya Ermənistanı narahat etməlidir. Bu, təcrid edilmiş Ermənistanın vəziyyətini daha da pisləşdirəcək. Xəzər konvensiyası Ermənistanın regional maraqlarına təsir edir. Məsələni geosiyasi və ya hərbi-siyasi baxımdan nəzərdən keçirsək, Ermənistan əlverişli vəziyyətdə deyil.

Konvensiyanın iqtisadi komponentinə əlavə olaraq deyə bilərəm ki, bu Rusiya, Azərbaycan, İran və digər iki Xəzəryanı ölkələr arasında effektiv, qarşılıqlı əməkdaşlığı genişləndirəcək bir sənəddir. Buna görə də, bu sənədin iştirakçılarını birləşdirən iqtisadi əməkdaşlığa əsasən əlavə edə bilərəm ki, Ermənistan bu fürsətdən yararlana bilməyəcək. Azərbaycan isə bu tarixi anlaşmdan böyük iqtisadi qazanclar təmin edə biləcək”.

Vahe Davtyan hesab edir ki, Xəzər konvensiyası Azərbaycan və İran arasındakı anlaşılmazlıqları da həll edəcək: “Bu, Ermənistanın xeyrinə deyil. Beləliklə Xəzər hövzəsi ölkələri arasında bütün məsələləri həll etmək üçün yeni mexanizm yaradılıb, bu mexanizm də Ermənistanın geosiyasi rolunun tamamilə azalması fonunda işə düşür. Yəni, Ermənistan yenə küncdə qaldı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər