ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda hökumət kabinetinin toplantısını keçirib.
Teleqraf.com xəbər verir ki, toplantının əsas gündəm məsələsi Türkiyə olub.
İclasda ilk öncə ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların icrasına diqqət ayrılıb.
Prezident Donald Tramp Türkiyənin rahib Bransonu sərbəst buraxmamasını “qorxulu hal” kimi qiymətləndirib. Rahibi azad etmədiyi üçün Türkiyədən idxal olunan polada tətbiq edilən əlavə gömrük vergisini iki dəfə qaldırılması haqqında qərar verdiyini xatırladan Tramp alüminiumla bağlı da vergi dərəcəsini artırdığını və bu qərarın icraya yönəldiləcəyini söyləyib.
Tramp daha sonra xəzinə və maliyyə naziri Steven Nuniçə “Türkiyəyə qarşı tətbiq edilən sanksiyalarla bağlı işlər necə gedir” sualını verib və aşağıdakı fikirləri söyləyib:
“Yaxşı bir dost olduqlarını təsdiqləyə bilmədilər. Çox yaxşı bir rahibi həbsdə saxlamaqda davam edirlər. Rahib günahsızdır. Onun hələ də həbsdə saxlanılması qorxunc hadisədir. Biz onlar (Türkiyə nəzərdə tutulur) üçün bir nəfəri sərbəst (İsraildə həbsdə olan Ebru Özkan nəzərdə tutur) buraxdıq. Bir yerdən bir nəfəri çıxarmaq üçün yardıma ehtiyacı vardı. Buna görə bizə müraciət etdilər. Ancaq indi bizim rahibimizi saxlamaqda davam edirlər. Bu, ədalətli və doğru deyil”.
Xəzinə və maliyyə naziri Steven Nuniç isə prezidentə deyib ki, həm özü, həm də dövlət katibi Pompeo türk həmkarlarına Bransonun azad edilməyəcəyi təqdirdə atılacaq addımlar haqqında açıq bildiriblər.
İki türk nazirə sanksiya tətbiq edildiyini bildirən nazir əlavə edib ki, rahib Branson dərhal azad edilməsə, yeni sanksiyalarla bağlı təklifləri prezidentin müzakirəsinə təqdim edəcəklər.