ABŞ Dövlət katibi Mayk Pompeo Dövlət Departamentində İran məsələləri ilə bağlı xüsusi işçi qrupunun yaradıldığını bildirib.
Teleqraf.com xəbər verir ki, işçi qrupuna Dövlət Departamentinin siyasi planlaşdırma şöbəsinin direktoru Brayan Huk rəhbərlik edəcək.
Pompeo bildirib ki, işçi qrupu Ağ Evin İranla bağlı siyasətinin icrasına nəzarət edəcək və bütün məsələləri diqqət mərkəzində saxlayacaq.
ABŞ-ın nüvə sazişindən çıxmasına toxunan dövlət katibi deyib ki, Vaşinqton bu addımı dünyanı və regionu təhdid altında saxlayan İranın nüvə proqramını genişləndirmək cəhdlərini önləmək üçün atıb.
O, yaxın vaxtlarda İranla yeni nüvə sazişinin imzalanmasına ümid etdiyini diqqətə çatdırıb.
Brayan Huk jurnalistlərə açıqlamasında Amerikanın yeni İran strategiyasından və İranın regionda yürütdüyü təcavüzkar siyasətdən də danışıb: “İran hakimiyyəti həmişə bölgədə zorakılığın yayılması və sabitliyin pozulmasının əsas amili olub. İran bu davranışını dəyişməlidir. Əgər onlar müzakirə aparmaq istəsələr, biz buna hazırıq. Bunu Prezident Tramp da açıq şəkildə bəyan edib”.