ABŞ prezidenti Donald Trampın sabiq müşaviri Maykl Kaputo Ağ ev liderinin impiçment məsələsinin çox real olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, Kaputo “CNN”ə açıqlamasında impiçmentin ABŞ prezidentinin keçmiş şəxsi vəkili Maykl Koenin ifadəsindən sonra baş tutacağını bildirib.
Eyni zamanda, Koen etiraf edib ki, Trampın göstərişi ilə pornoaktrisa Stormi Deniels və “Playboy” modeli Karen Makduqalla susmaları üçün pul ödəyib.
Kaputo bildirib ki, bu, impiçment üçün kifayətdir.
Qeyd edək ki, Donald Tramp "Fox News"a müsahibəsində qeyd edib ki, əgər ona qarşı impiçment elan etsələr bazarlar çökər, hər kəs kasıb yaşayar.
Xatırladaq ki, bu il noyabrın 6-da ABŞ Konqresinə aralıq seçkilər keçiriləcək. Demokratlar Partiyası bu seçkilərdə çoxluq qazana və Respublikaçılar Partiyasını təmsil edən Donald Trampa qarşı impiçment elan edilməsi prosesinə başlaya bilər.
Eyni zamanda son vaxtlar Donald Trampın adı qadınlara qarşı seksual xarakterli hərəkətlər etməsi və onlara susmaq müqabilində pul təklif olunması kimi qalmaqallarda hallanır.