27 Avqust 2018 13:59
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar qüvvəyə mindi. Bu isə onu göstərdi ki, bir müddət əvvəl Helsinkidə Rusiya və ABŞ prezidentləri arasında keçirilmiş görüş nəticəsiz başa çatıb.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq ABŞ-ın sanksiya siyasətinin daha da sərtləşəcəyini proqnozlaşdırır:

“Artıq ABŞ Rusiyaya qarşı başladığı iqtisadi savaşı açıq meydana daşıyır. Əsas hədəf də Rusiyanı iqtisadi olaraq çökdürməklə öz şərtlərini diktə edəcək vəziyyətə gətirməkdir. ABŞ bununla həm də öz hegemoniyasını qorumağa çalışır.

ABŞ hücumlarına qarşı Rusiyanın həmlələri isə effekt vermir. Lakin Putinin geri çəkiləcəyini də düşünmürəm. Rusiya iqtisadiyyatının çökməsi, sosial problemlərin daxili narahatlığı artırması Putini o qədər də narahat etmir”.

M.Əsədullazadə ABŞ-Rusiya gərginliyinin Ermənistan-Azərbaycan münaqişəsinə təsirlərinə də toxunub: “Bu iki ölkə arasında yaşanan gərginlik Qarabağ münaqişəsinin həll prosesinə təsir edir. Bu o deməkdir ki, Minsk qrupu formatında Vaşinqton-Moskva əməkdaşlığı hələlik bəhrə verməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu