Keçən il terror təşkilatı tərəfindən edam edildiyi iddia edilən Əl-Sudaninin İŞİD-in İraqın paytaxtı Bağdad və ətrafında həyata keçirmək istədiyi terror aktlarının qarşısını aldığı məlum olub.
Teleqraf.com xəbər verir ki, vaxtilə İŞİD-in sıralarında olmuş Əl-Sudani haqda ilginc məqamlar ortaya çıxıb.
Bildirilir ki, o, İŞİD-in sırasında olarkən bomba yerləşdirilmiş avtomobilləri hədəf seçilmiş nöqtələrə aparmaq işini həyata keçirirmiş. Lakin verilən tapşırığın əksinə olaraq, Əl-Sudani avtomobillərə saxta bomba yerləşdirib.
2016-cı ildə Bağdadın Əl-Xürriyyə rayonundakı bazarda baş vermiş “partlayışın müəllifi” də o olub. Əl-Sudani təşkilatın ona verdiyi tapşırığın əksinə olaraq, bazarda saxta bomba partladır və bir qrup həvəskar aktyoru qrimləyərək “ölü” və “yaralı” görüntüsü verir.
O, bu yolla İŞİD-in 48 terror aktının qarşısını alıb.
Əl-Sudaninin dostu Əbu Əli əl-Bəsri onun haqda bəzi məqamları “Daily Mail” qəzetinə açıqlayıb: “İŞİD ondan şübhələnməyə başladıqdan sonra üzərinə gizli səsdinləyici yerləşdirdi. Nəticədə o, ələ keçdi və edam edildi”.
Keçən il yayılmış edam videosundakı 4 nəfərdən birinin Əl-Sudani olduğu bildirilir. Lakin bu günədək onun cəsədi üzə çıxmayıb.