Türkiyədə həbs edilmiş amerikalı rahib Endryu Bransonla bağlı yeni faktlar üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, Branson haqda hazırlanmış iddianamədə onun rəhbərlik etdiyi Qayıdış Kilsəsinin PKK terror təşkilatı üzvlərinin qərargahı olduğu və gizli iclaslarını burada keçirdikləri iddiası yer alıb.
Məhkəmə dosyesində bildirilir ki, rahib Branson və Erik Viger Türkiyədə yaşayan kürdləri xristianlaşdırmaq üçün missioner fəaliyyəti həyata keçiriblər. Viger bu məqsədlə tez-tez ölkə xaricinə gedib qayıdıb.
Dosyedə yer almış və adı açıqlanmayan şahidi dilindən deyilir: “Bu şəxslər kürdlərlə maraqlanırdılar. Tez-tez “Cənubi Kürdüstan”ın qurulacağını deyirdilər”.
Gizli şahid “Göktaşı” da, Branson və PKK arasında əlaqələrin olduğu iddiasını irəli sürür: “Tez-tez kilsəyə suriyalı miqrantlar və kürdlər gəlirdilər. Həmin şəxslərin lideri suriyalı Mehmet B.Y. idi.
“Emin” və “Agit” adlı tanımadığım şəxslər də tez-tez kilsəyə gəlirdilər. “Agit” isə gözlənilmədən yox oldu. Onlar kilsə ilə PKK-nın dağlardakı partizanları arasında rabitə rolunu oynayırdılar. Tez-tez toplantılar keçirirdilər, bunların bir hissəsi kilsədə, bir hissəsi də Bransonun evində təşkil edilirdi”.