19 Avqust 2014 16:49
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada heç kim mobil telefonunu itirməyi xoşlamır. Ramzan Kadyrov da istisna deyil. Həftəsonu muzeyin açılışında iştirak edən Çeçenistan prezidenti mobil telefonunu hara qoyduğunu yadından çıxardıb.

Teleqraf.com azadliq.org-a istinadən xəbər verir ki, prezidentin telefonunu tapmaq üçün orda olan uşaqlı-böyüklü minlərlə adam bütün gecəni çağırılıb, dindiriliblər. Bunu Memorial insan haqları təşkilatı bildirir.

Memorial avqustun 18-də verdiyi bəyanatda yazır:”yerli sakinlər bildirirlər ki, avqustun 16-da şənbə günü gecə polis və regional icra hakimiyyəti işçiləri minlərlə adamı, o cümlədən uşaqları dindirilməyə çağırıblar və sorğu-suala tutublar”. “Onların çoxusu evə yalnız səhər dönə biliblər”

Telefon Qroznıdan 30 km cənubda yerləşən Qermençuk kəndində yeni Şira-Yurt muzeyinin açılışında itib. Muzeyin açılışına minlərlə adam toplaşmışdı. Kadyrov İnstagramda yazırdı ki, “Bu, Çeşenistanda möhtəşəm açılışdır. Respublikanın minlərlə sakini Şira-Yurta gəlib. Şira-Yurt orta əsrlər çeçen məskunlaşmasının surəti kimi tikilib”.

“Hər gün Rusiyadan və başqa ölkələrdən minlərlə turist muzey kəndinə gəlir”.

Açılış mərasimində ənənəvi çeçen toyu da olub və prezident yeni evlənənlərə 1 milyon rubl verib. Mərasimdə Çeçenistanın hər bir regionundan rəqqaslar da olub. Ancaq mərasimi telefonun itməyi korlayıb.

Telefonun itməyi bəlli olanda səsgücləndiricilərlə hamıya elan olunub ki, Kadyrov telefonunu itirib. Polis meydanda kim varsa, hamısını dindirib, ancaq telefonu tapa bilməyiblər.

Mərasim qurtarandan sonra hamı evinə dağılışıb. Ancaq regional icra rəsmiləri mərasimin təşkilatçılarına zəng ediblər ki, mərasimdə iştirak edən bütün adamların, həm yerli sakinlərin, həm də qonaqların siyahısını tutsunlar. Sonra bütün bu adamların hamısı dindirilməyə çağırılıb. Onlardan soruşulub ki, mərasim vaxtı harda olublar, harda dayanıblar, telefonu görüblərmi?

Memorial yazır ki, bütün bunlardan sonra Kadırovun telefonunun tapılıb-tapılmamağı isə bəlli deyil. Avqustun 19-da Kadyrovun sözçüsü deyib ki, prezidentin itən telefonunu tapmaq üçün mindən çox adamın dindirilməyi barədə məlumatlar yalandır.

İnterfaksın məlumatına görə, adı çəkilməyən həmin sözçü deyib ki, "Kadyrovun iki mobil telefonu var, onların hər ikisi masanın üstündədir."


Müəllif: