Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında sabah baş tutacaq görüş ikitərəfli strateji partnyorluq münasibətlərimizin davamıdır. Uzun illər ərzində qarşılıqlı faydalı formatda Azərbaycan-Rusiya əlaqələri inkişaf etdirilir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.
Politoloq hesab edir ki, Azərbaycan digər ölkələrlə müqayisədə Cənubi Qafqazda ən güclü oyunçudur: “Azərbaycan Rusiya ilə enerji, nəqliyyat və digər sahələrdə bir sıra birgə layihələr həyata keçirir. Rusiyanın Türkiyə ilə münasibətlərinin xeyli yaxşılaşdığının şahidi oluruq. Belə bir kontekstdə İlham Əliyevlə Vladimir Putin arasındakı görüşdə mühüm məsələlər müzakirə ediləcək. İkitərəfli layihələrin gələcək taleyi ilə yanaşı iqtisadi və humanitar münasibətlərin inkişafı ətrafında fikir mübadiləsi aparılacaq. Dağlıq Qarabağ məsələsinin müzakirə predmetinə çevriləcəyini istisna etmək olmaz. Məlumdur ki, münaqişənin həlli Rusiyanın təsir gücündən birbaşa asılıdır, Ermənistan onun dayaq nöqtəsidir.
Əlbəttə ki, Ermənistanda Rusiyaya qarşı bəyanatlarla yanaşı atılan addımlar fonunda uduruq, rolumuz yüksəlir, rəsmi Kremllə münasibətlərimizin səviyyəsi yuxarı qalxır. Ona görə də şübhə etmirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq və qəti və prinsipial mövqeyimiz çatdırılacaq”.
Fikrət Sadıxovun fikrincə, Qarabağ münaqişəsi ilə bağlı müəyyən proseslər başlana bilər: “Rusiyanın Ermənistanla münasibətləri pozulub, digər tərəfdən Azərbaycanın rolu yüksək qiymətləndirilir, iki prezidentin bir-biri ilə səmimi münasibətləri çox güman ki, müəyyən nəticə verə bilər. Bu, heç də o demək deyil ki, görüşdən sonra dərhal bütün məsələlər həll olunacaq. Amma Rusiya tərəfindən mövqenin yumşalması, Ermənistana təzyiqlərin göstərilməsi istisna deyil”.