31 Avqust 2018 21:39
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın xarici işlər naziri Taro Kono sentyabrın 5-6-da Azərbaycana səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə avqustun 31-də Yaponiya Xarici İşlər Nazirliyində təşkil edilən mətbuat konfransında məlumat verilib.

Yaponiya Xarici İşlər Nazirliyinin Avropa bürosunun Mərkəzi Asiya və Qafqaz divizionunun direktoru Mikito Tomiyama deyib ki, sentyabrın 2-də nazir Taro Kononun Cənubi Qafqaza və oradan Almaniyaya səfəri gözlənilir. Bildirib ki, nazir əvvəlcə Yerevanda və Tbilisidə olacaq, sentyabrın 5-də isə Bakıya gedəcək. Bu, Yaponiya xarici işlər nazirinin Ermənistana və Gürcüstana ilk, Azərbaycana isə 1999-cu ildə baş tutan səfərindən sonra ikinci səfəridir.

Regiona səfərin məqsədi həmin ölkələrlə Yaponiya arasında ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməkdir. Yaponiya bu ölkələrdə sabitliyin davamlı olmasında, demokratiya və iqtisadiyyatın inkişafında maraqlıdır.

Cənubi Qafqaz regionuna Avropa ölkələrinin marağının da artdığına diqqət çəkən M.Tomiyama ötən həftə Almaniyanın Federal Kansleri Angela Merkelin və ayın ortalarında isə İtaliya Prezidenti Sercio Mattarellanın buraya səfərlərini xatırladıb.

Region ölkələri arasında Azərbaycanı nümunə kimi göstərən direktor bu ölkənin enerji mənbələri və kimyəvi məhsullar baxımından çox zəngin bir yer olduğunu vurğulayıb, Yaponiyanın da gələcəkdə həmin enerji resurslarından istifadəsinin mümkünlüyünü qeyd edib.

Yaponiyanın regionun ən güclü dövləti olan Azərbaycan ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini qeyd edən M.Tomiyama nazirin Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirəcəyini bildirib. Həmin görüşlərdə ikitərəfli əməkdaşlığın hazırkı durumu və gələcək perspektivləri müzakirə ediləcək. Qeyd edib ki, Azərbaycandakı yapon şirkətlərinin fəaliyyəti də səfər çərçivəsində diqqət mərkəzində olacaq. Çünki bu şirkətlər iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynayırlar.

T.Kono Bakıda görüşlərini başa çatdırdıqdan sonra Almaniyaya səfərə yollanacaq

/Azərtac/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər