Türkiyə, Rusiya və İran prezidentlərinin Suriya ilə bağlı sentyabrda keçiriləcək üçtərəfli görüşünün Təbrizdə deyil, Tehranda keçirilməsi İranın istəyi ilə baş tutub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Rusiya, Türkiyə və İran prezidentləri sentyabrın 7-də Tehranda görüşəcək”, – deyən D.Peskov Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüş keçirəcəyinə dair yayılan xəbərləri də təsdiqləyib.
Qeyd edək ki, İran və Türkiyə rəsmiləri əvvəlcə üçtərəfli görüşün Təbrizdə keçiriləcəyi haqda açıqlama vermişdilər. Görüşün yerinin dəyişdirilməsi ilə bağlı xəbər İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Türkiyəyə gözlənilməz səfərindən sonra açıqlanıb.
Tehran görüşü Suriya böhranı üzrə keçirilən üçüncü üçtərəfli sammit olacaq. Digər iki görüş Soçi və Ankarada keçirilib.