4 Sentyabr 2018 18:16
1 897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Harit Əl-Sudaninin gizli fəaliyyəti nəticəsində İŞİD-in 5 rəhbər üzvü öldürülüb, 48 terror hücumunun qarşısı alınıb.

Teleqraf.com sonda edam edilən casus Harit Əl-Sudaninin dosyesini təqdim edir.

İraqda terror təşkilatı İŞİD-ə nüfuz edən, təşkilatın rəhbərliyindəki çoxsaylı terrorçunun məhvinə nail olan, verdiyi məlumatlarla kamikadze-bombaları zərərləşdirərək yüzlərlə insanı ölümdən qurtaran və nəhayət, edama məhkum olunan Sudani ilə bağlı sensasiyalı detallar ortaya çıxıb.

İraq kəşfiyyat tarixinin ən böyük casuslarından olan Harit Əl-Sudani gəncliyində işsizlik ucbatından günlərini əsasən kompüter oyunları ilə keçirib.

2006-cı ildə o, qardaşının israrından sonra İraq kəşfiyyatına daxil olaraq yeni həyata başlayıb. 2014-cü ildə İŞİD İraqda ortaya çıxana qədər adi kəşfiyyatçılardan olub. İŞİD ortaya çıxanda Sudani İraq tarixinin ən cəsur qəhrəmanları sırasına düşəcək fəaliyyətə başlayıb.

İŞİD-in Suriya və İraqda sürətlə irəlilədiyi, Rakka, Mosul və Deyriz-zorda hakimiyyəti ələ keçirdiyi ərəfədə Sudani terror təşkilatına sızaraq İŞİD rəhbərliyi arasında sürətlə etimad qazanıb. Qısa müddətə o, İŞİD-in İraqdakı ən qanlı hücum planlarının içində yer alan, bombaları partlatmazdan əvvəl onu ünvana çatdıran cavabdeh mücahid vəzifəsinə qalxa bilib.

Harit Əl-Sudani İŞİD-ə bağlı fədakar “mücahid” kimi tələb edilən hər şeyi gözübağlı yerinə yetirib.

2015-də İŞİD-ə qatılan iraqlı casus hər bombalı hücum zamanı insanların daha az zərər yetirilməsini təmin etmək məqsədilə ciddi işlər görüb. Bu cür terror tədbirləri zamanı casus kamikadzelərin öldürülməsi üçün kəşfiyyatçı snayperlərə lazımı informasiyalar ötürüb. Bəzi terror hücumları zamanı isə real bomba əvəzinə daha təsirsiz bomba partladılıb və beləcə terror hücumunun təsiri dəfələrlə azaldılıb.

Bəzi hallarda isə bombanın partlayacağı əraziyə xüsusi cihazların gətirilməsini təmin etməklə onun qarşısı alınıb.

Sudaninin verdiyi kəşfiyyat informasiyası əsasında İŞİD-in ali rəhbərliyində təmsil olunan 5 şəxs kəşfiyyat qrupu tərəfindən öldürülüb. Eləcə də 48 partlayışın qarşısı müxtəlif vasitələrlə alınıb.

İŞİD bir müddət sonra Əl-Sudani də daxil olmaqla bir qrupun fəaliyyətindən şübhələnib, daha sonra Şahin Kəşfiyyat Hücrəsi onun qarşısında vəzifəsini tərk etmək tələbi qoyub. İraqlı casus isə bu vəzifəsində qalmaq üçün israr edirmiş.

İraq və Qərb mediasında çıxan xəbərlərə görə, İŞİD rəhbərliyi 2017-ci ilin 17 yanvarında Əl-Sudaniyə Termiyə şəhəri yaxınlığındakı əraziyə getməyi əmr edib. Casus tələb olunan yerə yollanıb. Həmin gündən İraq kəşfiyyatı özünün ən gərəkli casusundan xəbər tuta bilməyib.

Sonradan İŞİD-in yaydığı təbliğat videosunda edam olunanlar arasında ifşa edilən Əl-Sudani də görünüb.

2016-cı ildə Bağdadın şimal-qərbində yerləşən Əl-Hurriyah bölgəsində bomba partlayıb. Bundan sonra İraq hüquq-mühafizə orqanları partlayış nəticəsində 10 nəfərin öldüyü, 34 nəfərin isə yaralandığı haqda məlumat yayıb. Terrorla bağlı rəsmi informasiya yayıldıqdan sonra İŞİD terror hücumunu onun tərəfindən törədildiyini elan edib.

Lakin aydın olub ki, Harit Əl-Sudaninin fəaliyyəti nəticəsində əslində ölən və yaralanan olmayıb. Bomba hadisə yerinə gətirilən zaman küçə boşaldılıb, ərazi yaralı və ölü rolunu oynayan “aktyorlar”la doldurulub. Mətbuatda isə hadisə yerindən saxta partlayış nəticəsində ölən və yaralananların görüntüləri işıqlandırılıb.

İraqlı kəşfiyyatçı son dəfə atasına 2016-cı ilin dekabrında məktub yazaraq onun yeni ilini təbrik edib, habelə atasından onun üçün dua etməyi xahiş edib.

Mətbuata açıqlamasında kəşfiyyatçının atası Abid Əl-Sudani deyib ki, oğlu çoxlu sayda insanın həyatını xilas edib: “Ölkəsinin xidmətində durmuşdu və bu işini davam etdirmək istəyirdi. O, iştirak etdiyi hər əməliyyatda uğur qazanmış, günahsız insanların qanının axıdılmasının qarşısını almışdı”.


Müəllif: Cavad

Oxşar xəbərlər