Suriyada Rusiya və Türkiyə kəşfiyyatının birgə əməliyyat keçirdiyi ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “stratejikguvenlik.com” portalı məlumat yayıb.
Qeyd edilir ki, rus və türk kəşfiyyatının birgə əməliyyatı sayəsində 2018-ci ilin fevralın 3-də Suriyada Heyət Təhrir Şam silahlı birləşməsi tərəfindən vurulan rus qırıcısının pilotu, mayor Roman Filipovun qatillərinin adları müəyyən edilib.
“İnterfaks” Agentliyinə danışan rus kəşfiyyat qaynağı bildirib ki, Türkiyə kəşfiyyatının yardımları sayəsində pilotu öldürən və qırıcını vuran şəxslərin adlarını müəyyən edə biliblər. Adı açıqlanmayan mənbə əlavə edib ki, hadisə ilə bağlı araşdırma başlanandan bəri Rusiya təhlükəsizlik xidməti xarici məsləkdaşları ilə sıx əməkdaşlıq edib. Xüsusilə, Türkiyənin Suriya ilə əlaqəli təşkilatları ilə. Onlar Rusiyaya böyük dəstək verib.
Məhz türk kəşfiyyatının sayəsində adları məlum olan pilotun qatillərinin həbs edilməsi üçün işlərə başlanılıb.
Bundan bir müddət əvvəl rus rəsmilər mətbuata verdikləri açıqlamalar zamanı bildiriblər ki, öldürülən pilotun cəsədini almaq üçün Türkiyə tərəfi onlara köməklik edib.
Rusiya Müdafiə Nazirliyinin rəsmisi “Ria Novosti”yə açıqlaması zamanı “Rusiya hərbi kəşfiyyatı türk həmkarları ilə bu mövzuda sıx əməkdaşlıq edirlər. Bu fəaliyyətin nəticəsi də var” şəklində danışıb.
Məlumat üçün xatırladaq ki, fevralda vurulan rus qırıcısının pilotu Roman Filipov katapult nəticəsində təyyarəni tərk edə bilmişdi. Lakin terrorçuların əlinə keçməmək üçün son anda qumbara ilə özünü partladıb. Rusiya pilota ölümündən sonra Milli qəhrəman adını verib.
Yeri gəlmişkən, artıq Türkiyə Suriyada fəaliyyət göstərən Həyat Təhrir Şam təşkilatını terrorçu təşkilat kimi tanıyıb və onu Əl-Nusranın davamçısı hesab edib.
Heyət Təhrir Şam silahlıları hazırda Türkiyə ilə sərhəddə yerləşən 3 milyon insanın yaşadığı İdlib vilayətinin 60 faizinə nəzarət edir.