Bir neçə aydır axtarışda olan Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın qardaşı qızı Ani Sərkisyan istintaqa təslim olub.
Teleqraf.com “Novosti Armeniya”ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidməti məlumat yayıb.
Serj Sərkisyanın qardaşı Levon Sərkisyanın qızı Aninin könüllü təslim olduğu bildirilir.
Levon Sərkisyan qızı Ani və oğlu Narek Sərkisyanla birlikdə qanunsuz varlanmada ittiham edilir. Onlar həmçinin gəlir bəyannaməsindən yayınmaqda, sənədlərin saxtalaşdırılması və qanunsuz sahibkarlıq fəaliyyətində təqsirli bilinirlər.
Daha əvvəl İstintaq Xidməti Narek Sərkisyanın evində axtarış apararaq özünün, atası və bacısının adına 6 milyon 800 min dollarlıq bank əmanəti üzrə qanunsuz sənədlər aşkarlandığı barədə məlumat yayılmışdı. Müqavilələrin ötən ilin ikinci yarımilinə aid olduğu və onların vergi bəyannamələrinin verilmədiyi üzə çıxıb.
Qeyd edək ki, 1998-ci ildən Suriya, Tunis və İordaniyada səfir kimi çalışan Levon Sərkisyan 2010-cu ildə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri təyin edilib.
Ani Sərkisyandan ölkəni tərk etməmək barədə iltizam alınıb, onun atası və qardaşı isə axtarılır. Levon Sərkisyan barədə qiyabi həbs qərarı verilib. Oğlunun isə ölkədən çıxışı qadağan edilib.