Tramp hökumətində təmsil olunan və Ağ Evdə çalışan səlahiyyətli şəxs qələmə aldığı məqalədə ABŞ prezidentinə dirəniş göstərdiklərini yazıb.
Teleqraf.com xəbər verir ki, “Nyu-York Tayms” qəzetində çap olunan məqalənin müəllifinin adı açıqlanmır. Lakin qeyd edilib ki, müəllif Tramp administrasiyasında təmsil olunur və Ağ Evdə əyləşir.
Məqalədə müəllif Prezident Trampı əxlaqsız və demokratiyaya qarşı olan şəxs kimi təqdim edir, ABŞ liderinin kifayət qədər bilgiyə sahib olmadan qərar verməyə meyl etdiyini yazır.
Müəllif Ağ Evin bir qrup sözçüsünün Trampın vəzifədən getməsi üçün çalışdıqlarını bildirilir. Onlar hətta prezidentin vəzifəsinin öhdəsindən gələ bilmədiyini əsas götürərək, konstitusiyanın 25-ci maddəsini gündəmə gətirməyi planlaşdırıb, lakin son anda bundan vaz keçiblər.
“Kimsə konstitusiya böhranına zəmin hazırlamaq istəmədi. Ancaq administrasiyanın sükanının doğru istiqamətə çevrilməsi üçün əlimizdən gələni edəcəyik”, müəllif yazır.
Trampa qarşı Ağ Evdə dirəniş göstərənləri qəhrəmanlar kimi təqdim edən anonim şəxs prezidentin bəzi köməkçilərinin mediada “pis adam” elan olunmasına baxmayaraq, onların arxada mənfi qərarlara qarşı mübarizə apardığını vurğulayır.
Ağ Ev rəsmisi qəzet vasitəsilə amerikalılara müraciət də edib:
“Bu xaos dövründə yalnız təsəlli olacaq. Lakin amerikalılar Ağ Evdə belə insanların olduğunu bilməlidir. Nələrin baş verdiyinin fərqindəyik. Donald Tramp etməsə də, biz doğru olanı etməyə çalışırıq. Son nəticə iki qollu prezidentlikdir”.
Ağ Ev rəsmisi “iki istiqamətdə irəliləyən prezidentlik” anlayışına xarici siyasətdə Şimali Koreya və Rusiya ilə münasibətlərdə verilən qərarları nümunə kimi göstərib.
“Tramp Rusiya dövlət başçısı Vladimir Putin və Şimali Koreya lideri Kim Çen İn kimi avtokratlara üstünlük verir və bizimlə oxşar görüşlərə malik müttəfiq dövlətlərlə qurulan bağları yetərincə təqdir etmir. Ağıllı müşahidəçilər administrasiyanın qalan hissəsinin fərqli istiqamətdə hərəkət etdiyinin fərqindədir”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bu məqaləyə kəskin reaksiya verib, onu “biabırçı hadisə” adlandırıb.
Eyni zamanda “Nyu-York Tayms” qəzetinə səslənərək “əgər bu ali rəhbərlikdə təmsil olunan gerçək rəsmi şəxsdirsə, başqa bir qaynaq deyilsə, belə bir qorxaq şəxs həqiqətən varsa, qəzet onun adını milli təhlükəsizlik səbəbindən hökumətə bildirməlidir” deyib.
Ağ evin sözçüsü Sara Sanders rəsmi açıqlama yayaraq sərt dildən istifadə edən və adı açıqlanmayan bu şəxsin ölkəsinin yerinə eqosunu qoyduğunu, özünü Amerika xalqının iradəsinin önündə tutduğunu bildirib.
Ağ ev bu məqaləni çap etdiyinə görə “Nyu-York Tayms” qəzetini də tənqid edib.
Sözügedən məqalə və məqalədə səsləndirilən iddialar ABŞ hakimiyyəti tarixində “bənzəri olmayan hadisə” kimi şərh olunur.
“Nyu-York Tayms” qəzeti isə məqalə yazan Ağ Ev rəsmisinin kimliyini bildiyini açıqlayıb. Qəzet rəhbərliyi bildirib ki, məqaləni qələmə alan Ağ ev rəsmisi birbaşa onlarla əlaqə saxlayıb.
Məqalənin müəllifinin adının çəkilməməsi qərarını qəzet özünəməxsus şəkildə izah edib:
“Biz rəsmi şəxs tərəfindən qələmə alınan məqalənin müəllifini açıqlamadan oxuculara çatdırmağın ən yaxşı yol olduğuna inandıq”.
Xatırladaq ki, bu məqalədən bir gün əvvəl məşhur amerikalı qəzetçi Bob Vudvardın” Qorxu: Tramp Ağ Evdə” kitabının bəzi parçaları “Vaşinqton Post” qəzetində dərc edilib.