Oktyabrın 11-də dünyada internet istifadəçiləri şəbəkəyə giriş problemi ilə üzləşə bilərlər. Bu haqda Domen adları və IP ünvanlarının idarə edilməsi üzrə korporasiya (ICANN) məlumat verib.
Teleqraf.com “İKTnyus”a istinadən xəbər verir ki, həmin gün tarixdə ilk dəfə olaraq domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarlarının dəyişdirilməsi planlaşdırılıb. Yeniləmədən sonra 48 saat ərzində bəzi istifadəçilərin ayrı-ayrı resurslara daxil olmaq istəyərkən çətinliklə üzləşmə ehtimalı var. Sistem "server failure" və ya “SERVFAIL” səhvini göstərə bilər.
2010-cu ildə yaradılan kriptoqrafiya açarları “DNSSEC” genişlənmə sistemində istifadə olunur, təhlükəsizlik və internet ünvanlandırma sisteminin bütövlüyünə cavabdehlik daşıyır. Açarlar hər 5 ildən bir dəyişdirilməlidir, ancaq 2015-ci ildə provayderlərin hazırsızlığı səbəbindən bu proses təxirə salınıb.