Rəsmi Kreml 2008-ci il mart hadisələri ilə əlaqədar barəsində MDB məkanında dövlətlərarası axtarış elan edilmiş Ermənistanın sabiq müdafiə naziri, general-leytenant Mikael Arutunyanın Rusiya Federasiyası ərazisində axtarışına xitam verib.
Teleqraf.com-un məlumatına görə, bu barədə “İnterfaks” məlumatlı mənbəyə istinadla xəbər yayıb.
Mənbə bildirib ki, Arutunyan barəsində materialların öyrənilməsindən sonra onun Rusiya ərazisində axtarışının ləğvi barədə qərar qəbul edilib. Mənbənin sözlərinə görə, general üçün Rusiyada heç bir təhlükə yoxdur, lakin başqa MDB ölkələrinə gedərsə, həbs edilərək Ermənistana təhvil verilə bilər.
Erməni generalın həbs olunaraq İrəvana ekstradisiyası barədə Moskvaya müraciət Ermənistan Prokurorluğu tərəfindən deyil, dövlətlərarası axtarış xətti ilə daxil olub.
Qeyd edək ki, 2008-ci il martın 1-də İrəvanda kütləvi insan tələfatı ilə nəticələnən iğtişaşlarla əlaqədar Ermənistanda istintaq aparılır. İndiyədək Robert Köçəryan, Yuri Xaçaturov, Serj Sərkisyan və sonuncunun bir neçə qohumu istintaqa cəlb edilib.
Xatırladaq ki, general-polkovnik Mikael Arutunyan 1946-cı il fevralın 10-da Şamaxının Saqiyan kəndində doğulub.