BMT-nin illik ərzaq təhlükəsizliyi hesabatına görə, cari ilin sonunadək silahlı münaqişə zonalarında 590 min uşaq aclıqdan ölə bilər.
Teleqraf.com-un məlumatına görə, BMT-nin hesabatında bildirilir ki, xeyriyyə məqsədləri üçün ayrılan 4,5 milyon dollar son illər ən təhlükəli münaqişə zonalarında 20 faiz artan aclığın qarşısının alınması üçün yetərli deyil. Bu vəsait orta hesabla uşaqların üçdəbirinin müalicəsinə və qidalanmasına sərf olunur, qalan 590 min azyaşlı isə ölüm təhlükəsi qarşısındadır. Təşkilat bu silahlı münaqişələr və iqlim dəyişiklikləri nəticəsində yaranan vəziyyəti 2000-ci ildən bəri ən acınacaqlı fəlakət kimi qiymətləndirib.
Hesabatda qeyd olunur ki, uşaqların kəskin qida çatışmazlığı ən çox Sudan, Əfqanıstan, Yəmən və Somalidə mövcuddur. Vatkinsin sözlərinə görə, ən çox humanitar yardım göndərilən Yəməndə də 400 min uşaq yetərincə qidalana bilmir. Təşkilatın baş katibi əlavə edib ki, 2017-ci ildə silahlı münaqişə zonalarında humanitar yardım karvanlarını əngəlləmək üçün BMT əməkdaşlarına 1460 dəfə hücum edilib.