2008-ci il 1 mart qırğınlarında iştirak etmiş şəxslərin həbsxanaya göndərilməsi vaxtı çatıb.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, 1 Mart qətliamı ilə bağlı aparılan istintaq yekunlaşmaq üzrədir:
“Korrupsioner məmurlar, Robert Köçəryan, Serj Sərkisyan, Qagik Xaçaturyan, Manvel Qriqoryan, Taron Marqaryan vidalaşmaq vaxtının gəldiyini düşünürlər və buna görə də müxtəlif addımlar atırlar.
Lakin biz heç kəsi şantaj etməyəcəyik, buna icazə verməyəcəyik, 1 mart hadisəsi artıq həll edilib, qatillər həbsxanada olmalıdır, oğurlanmış əmlak xalqa qaytarılmalıdır. İndi söz sizindir, qatillərə və korrupsioner məmurlara qarşı mübarizə aparmaq lazımdır”.
Paşinyan bildirib ki, keçmiş prezident Robert Köçəryan ittihamdan yayınmaq üçün medianı pulla satın almağa çalışır.
Qeyd edək ki, Robert Köçəryan və digər şəxslər 2008-ci il martın 1-də İrəvanda keçirilmiş etiraz aksiyalarında iştirak edən insanlara odlu silahdan atəş açmaq əmri verməkdə ittiham edilir.
Köçəryan iyul ayında müvafiq ittiham əsasında həbs edilsə də, Apelyasiya Məhkəməsi onun sərbəst buraxılması haqda qərar verib.