Güney Azərbaycanın Təbriz və Almaniyanın Hamburq şəhərləri arasında ikitərfli reyslər 16 aylıq fəaliyyətdən sonra dayandırılır.
Teleqraf.com xəbər verir ki, bu barədə İran Hava Yolları Şirkətinin Güney Azərbaycan şöbəsinin rəisi Bəhram Vəkili Azər məlumat verib.
Uçuşlar cümə günü dayandırılacaq.
Təbriz-Hamburq reysi 2017-ci il iyulun 14-də fəaliyyətə başlayıb. İş adamları və turistlərin səfərini asanlaşdırmaq məqsədilə həyata keçirilən uçuşların ləğv olunacağı etirazlara səbəb olub.
“Həftədə iki uçuş üçün lisenziya almaq uğrunda çox çalışdıq. Buna özəl sektorun nümayəndələri və iş adamları da lazımi dəstəyi verdi. Lakin yerli məsul şəxslər öz vədilərinə əməl etmədiyi üçün Qeşm Hava Yolları Şirkət bu reysi ləğv etməyə məcbur oldu.
Təbriz və Hamburq arasında uçuşlar başladıqdan sonra 11 dövlət orqanı uçuşların davam etməsi üçün iclas keçirib və lazımı tədbirlər görməyə söz verdilər. Lakin aradan 16 ay keçməsinə baxmayaraq, bu istiqamətdə hər hansı addım atılmadı. Görünür ki, əyalət rəhbərliyi məsələnin əhəmiyyətini başa düşmür. Təbrizin islam dünyasının turizm paytaxtı seçildiyi bir ildə Avropaya olan yeganə reysin ləğvi yaxşı hal deyil”- deyə Bəhram Vəkili Azər qeyd edib.
Qeyd edək ki, bu Güney Azərbaycandan Avropaya olan yeganə təyyarə reysi idi.