Ermənistanın Baş Prokurorluğu Xüsusi Təhlükəsizlik Orqanı və Xüsusi Kəşfiyyat Orqanının rəisləri arasında telefon danışığının yayılması ilə bağlı cinayət işi başladıb.
Teleqraf.com-un erməni mətbuatına istinadən xəbərinə görə, sentyabrın 11-də Artur Vanesyan və Sasun Xaçartyan arasında olan telefon danışığı ölkədə böyük bir ajiotaja səbəb olub. Belə ki, səs yazısında hər iki təhlükəsizlik orqanın rəhbərləri Ermənistanın sabiq prezidenti Robert Köçəryan və KTMT-nin baş katibi Yuriy Xaçaturovun həbsini qızğın şəkildə müzakirə edir və əmrin məhz baş nazir Nikol Paşinyan tərəfindən verildiyini diqqətə çatdırırlar. Nikol Paşinyanın məhz belə bir əmr verməsi isə Ermənistanda böyük qalmaqala səbəb olub.
Hazırda isə Ermənistanın Baş Prokurorluğunu və medianı maraqlandıran bir sual var: Telefon danışığına kim qulaq asıb və bunu mediaya kim sızdırıb?
Ermənistan mətbuatının verdiyi məlumata əsasən, telefon danışığı zamanı xüsusi təhlükəsizlik orqanın rəhbəri Artur Xaçartyan Moskvada səfərdə olub. Danışıq da məhz bu zaman baş tutub.
İlkin ehtimallara əsasən, telefon danışığı Moskvada yaşayan, adı mətbuata açıqlanmayan erməni əsilli oliqarx tərəfindən məhz Robert Köçəryanın əmri ilə dinlənilib. “Eqidoy” ləqəbli erməninin isə telefon danışıqlarını dinləməsi üçün xüsusi avadanlıqlara sahib olduğu bildirilir. Həmçinin xatırladılır ki, bundan bir neçə il öncə məhz həmin şəxs yenə də Köçəryanın əmri ilə Serj Sarkisyanın telefon danışığına qulaq asıb.
Başqa bir ehtimala əsasən isə, telefon danışığı Rusiya xüsusi xidmət orqanları tərəfindən dinlənilib və qəsdən mətbuata sızdırılıb. Ermənistandan olan ekspertlər isə bu ehtimalı daha əsaslı hesab edir və bildirirlər ki, Nikol Paşinyanın Rusiyaya səfəri və Vladimir Putinlə görüşü zamanı “buraxdığı səhvlər”ə cavab olaraq Kreml belə bir addım atıb. Bu addım Nikol Paşinyana xəbərdarlıq kimi qiymətləndirilir.
Qeyd edək ki, analoji hadisə ölkədə Nikol Paşinyan hakimiyyətinə qarşı narazılığı daha da artırıb.
Faktla bağlı araşdırmalar davam edir.
Hikmət Zeynallı