Çinin “Huawei” şirkəti sentyabrın 12-də yeni məhsullarını təqdim edən “Apple”ın yeni modellərinin əvvəlkilərdən fərqlənmədiyini bəyan edib.
Teleqraf.com xəbər verir ki, “Huawei” həmçinin gələn ay təqdimatı olacaq “Mate 20” seriyasının anonsunu verdib.
“Apple” şirkəti yeni məhsullarını təqdim edib. Tədbir “Apple”ın mənzil-qərargahında keçirilib və şirkətin saytında canlı yayımlanıb.
Təqdimatın böyük hissəsi “Apple”ın əsas məhsulu olan “iPhone” smartfonuna həsr edilib. Şirkət bu dəfə sözügedən qurğunun 3 yeni modelini təqdim edib. İlk model 1 il bundan əvvəl təqdim edilmiş “iPhone X” aparatının təkmilləşdirilmiş versiyasıdır və “iPhone XS” adlandırılıb.
Qeyd edək ki, “Apple” “iPhone X”ın təkmilləşdirilmiş forması olan “iPhone XS” , “iPhone XS Max” və “iPhone XR” məhsullarını sentyabrın 12-də təqdim edib.
Təqdimatdan sonra “Huawei” İnstaqramda video paylaşaraq "Eyni şeyləri təkrarladığınız üçün təşəkkür" sözləri ilə “Apple”i ələ salıb.
“Huawei” həmçinin videoda "Mate 20" seriyasının anonsunu verib.
Qeyd olunur ki, “Huawei”in yeni telefonları "Mate 20" 599 avro, "Mate 20 Pro" modeli isə 749 avro ilə satışa çıxarılacaq.
Bu isə “Huawei”in yeni telefonlarının “Apple” ın məhsullarından daha ucuz olacağı anlamına gəlir.