Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin yığıncağında çıxış edib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Mərkəzi Bankın faiz qərarına münasibət bildirən dövlət başçısı bunun qəbuledilməz olduğunu deyib.
“Səbrimin son mərhələsindəyəm və bu səbr də bir yerə qədər davam edəcək” deyə açıqlama verən Ərdoğan Mərkəzi Bankın faiz dərəcələrini tez-tez dəyişdirməsinə öz etirazını bildirib.
Daha sonra vətəndaşlara müraciət edən dövlət başçısı onları yerli valyutaya inanmağa çağırıb. “Ticarətlə məşğul olmayan vətəndaşlarıma səslənirəm, pulumuza, plunuza güvənin” deyə açıqlama verən Rəcəb Tayyib Ərdoğan yerli səviyyədə yalnız və yalnız lirədən istifadənin vacibliyinə diqqət çəkib.
Avqust ayında dolların 7 lirə səviyyəsində müəyyən edilməsini qınayan Türkiyə prezidenti bunu türk iqtisadiyyatına sui-qəsd kimi dəyərləndirib və əlavə edib ki, seçkilərdən sonra valyutaya nəzarət bir qədər səngiyib.
Daha sonra ABŞ hökumətini hədəf alan Rəcəb Tayyib Ərdoğan Türkiyənin beynəlxalq hüququ və milli maraqlarına xüsusi diqqətlə yanaşmağı tövsiyyə edib. “Türkiyə hüquqi bir dövlətdir, qəbilə deyil” deyə Türkiyə prezidenti vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan qarşıdan gələn dərs ilində isə türk məktəblərinin təchizat baxımından heç bir çatışmazlıqla üzləşmədiyini xüsusilə qeyd edib.