18 Sentyabr 2018 19:50
2 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya kəşfiyyatı hələ ABŞ İraqı işğal etməzdən əvvəl Səddam Hüseynə qarşı çevriliş planı hazırlayıb.

Teleqraf.com xəbər verir ki, 2001-ci ilin 11 sentyabrında ABŞ-a edilən terror hücumundan 3 ay sonra İngiltərə Kəşfiyyat Xidməti (Mİ6) Səddam Hüseynə qarşı çevriliş planını dəstəkləyən mövqe nümayiş etdirib.

Mİ6-nın rəhbərliyində təmsil olunan rəsmi şəxsin qələmə aldığı üç raport dövrün baş naziri Toni Bleyr başda olmaqla Krallıq rəsmilərinin masası üzərinə qoyulub.

Bu sənədlər bir müddət əvvəl mediaya sızıb.

Bəlli olub ki, neft Səddam Hüseynin devrilməsi planında açar faktor olub. Kəşfiyyatın hesabatında “Səddam Hüseynin devrilməsinin bir hədiyyəsi var” qeydi diqqət çəkir. Bu ifadə siyasi hakimiyyəti İraqda çevrilişə sövq etmək üçün bir vasitə idi. Söhbət Britaniyanın İraq neftinə yiyələnməsindən gedir.

Qeydlərdən açıq görünür ki, İngiltərə kəşfiyyatı Səddam Hüseyn və ya İraq dövlətinin Əl-Qaida terror təşkilatını dəstəkləməsinə inanmayıb.

Sənədə görə, kəşfiyyatın İraqın sünni ekstremizmini dəstəklədiyinə dair ciddi kəşfiyyat məlumatı olmayıb. Buna baxmayaraq Toni Bleyr 2004-cü ilin yanvarında ictimaiyyətə “Əl-Qaida ilə İraq arasında əlaqələrin olduğunu bilirik, ancaq bu əlaqələrin ölçüsündən əmin deyilik” bəyanatı ilə çıxış edib.

Sənədlərdən görünür ki, İngiltərə ABŞ-ın Səddamı devirmək üçün hərbi həmlə planlaşdırmasından daha öncə məlumatı olub. Yəni ABŞ hərbi müdaxiləyə başlamaq qərarı verəndən əvvəl London belə bir addımın atılacağını bilirmiş.

Məlumata görə, Mİ6 Amerikanın İraqa hərbi müdaxilə etməsinə mane olmağa çalışıb, lakin buna nail olmayıb. Sənədin bu hissəsində “ABŞ-ın səbrsizliyi”nə dair fikirlərə rast gəlinib.

Üzərindən məxfiliyi götürülən sənədlərin ən maraqlı tərəfi İraqda dövlət çevrilişinin dəstəklənməsi planıdır. Qeydlərə görə, kəşfiyyat rəsmiləri 30 noyabr 2001-ci ildə İraqda dövlət çevrilişi və rejim dəyişikliyinə dair müzakirələr aparıb. Aparılan müzakirələr zamanı qısa müddətdə İraqa hərbi müdaxilənin və daxili hərbi aktivliyin regional maraqlara zərər verəcəyi qənaətinə gəlinib. Kəşfiyyat Qərbin İraqda hakimiyyət dəyişikliyi üçün çevriliş həyata keçirilməsini vacib sayıb.

“Bağdadda rejim dəyişikliyinin həyata keçirilməsini istəyirik. Və çevrilişi həyata keçirən qüvvələrə aviasiya dəstəyi verməyə hazırıq”,- məxfi hesabatda qeyd edilir.

Məktubda İraqda çevriliş planının həyata keçirilməsi üçün 12-18 ay vaxt lazım olduğu bildirilir. Eyni zamanda İngiltərənin bu çevrilişi dəstəkləməsinin hüququ əsasları ilə bağlı ortaya çıxan suallara cavab tapmaq üçün məxfi müzakirələr aparılıb.

Bəlli olur ki, İraqda dövlət çevrilişi üçün lazım olan 18 aydan bir qədər çox, 24 aydan sonra ABŞ bu ölkəyə hərbi müdaxilə edib. Nəticədə Səddam Hüseyn hakimiyyətdən devrilib.
İngiltərə kəşfiyyatının İraqda Səddam rejiminə qarşı çevriliş planları məhz “ABŞ-ın səbrsizliyi” nəticəsində baş tutmayıb.
Cavad


Müəllif: Cavad

Oxşar xəbərlər