Baş nazir Nikol Paşinyan Ermənistanda hakimiyyətə gələndə rəsmi Bakı ona zaman tanımağa üstünlük verdi, işğalçı ölkənin yeni baş nazirinin açıqlama və siyasətini izləməyə başladı.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Azərbaycan prezidenti Ermənistanın yeni baş nazirinin adını çəkmədən onun ünvanına ağır ifadələr işlətmədi:
“Düşünüldü ki, bəlkə bu “Qarabağ klanının” nümayəndələrindən daha ağıllı olar. Azərbaycan prezidenti ad çəkmədən haqlı olaraq Ermənistanın eks-prezidenti Serj Sərkisyanı sərt şəkildə tənqid edir, onün ünvanına ən ağır ifadələri işlədirdi. Eyni sərtlik Paşinyana qarşı nümayiş etdirilmirdi.
Ancaq Paşinyana verilən zaman özünü doğrultmadı. O, təxribatlarında Sərkisyanı üstələyib. Ona görə də Azərbaycan prezidentinin mətbuat katibinin dünənki açıqlamasını oxuduqda və “Paşinyan Azərbaycanın daxili işlərinə burnunu soxmasın” kimi cümlələrə rast gəldikdə mənə tam aydın oldu ki, rəsmi Bakı Paşinyanın ünvanına ritorikasını sərtləşdirməyə qərar verib”.