20 Sentyabr 2018 23:13
3 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdlib Suriyada münaqişə tərəfləri üçün niyə bu qədər vacibdir?

Bu suala cavab tapmaq üçün öncə İdlibin özü barədə bilgimizi artırmağa ehtiyac var. İdlib Suriyanın şimal-qərbində, Hələbdən 60 kilometr məsafədə yerləşən bir bölgədir. Əyalətdə 3 milyona yaxın insan yaşayır və bu da Suriyanın əhali sıxlığının ən çox olduğu bölgələrdən biridir. Hazırda faktiki olaraq Türkiyənin nəzarətində olan Afrinlə və türk əyaləti olan Hatayla sərhəddə yerləşən İdlib həm Türkiyə üçün, həm də Rusiya və İranın dəstəklədiyi Bəşər Əsəd üçün olduqca vacib bir geostrateji ərazidir.

İdlib iqsadi cəhətdən Suriya hökumətinin diqqətində deyil. Çünki bölgə Afrində olduğu kimi yalnız zeytun istehsalı ilə məşğul olur.

İdlibin önəmi

Türkiyəli ekspertlər belə hesab edirlər ki, Əsədin İdlibi “son cəbhə” adlandırması heç də əbəs deyilmiş. Əsəd Suriyanın bütövlüyünü yenidən bərpa etmək istəyir. İdlibdə isə Əsəd hökumətinə qarşı olan və Azad Suriya Ordusunun böyük bir hissəsi yerləşir. Əsasən müxaliflərin cəmləşdiyi bölgəyə ən gücü dəstək Türkiyədən gəlir. Ekspertlər həmçinin vurğulayırlar ki, İdlibə nəzarətin itirilməsi və burada Əsəd hökumətinin bərqərar olması Türkiyənin cənubi-şərq sərhədlərini təhlükə altında qoyur. Türkiyə Suriyadan olan müxalif qaçqınların ölkələrinə qayıtmasında maraqlıdır. Lakin Əsəd hökumətinin hökm sürəcəyi təqdirdə bu mümkün deyil. Türkiyə İdlibi güzəştə gedəcəyi təqdirdə “Zeytun budağı” əməliyyatı ilə terrorçulardan azad etdiyi Afrin bölgəsini də təhlükə altında qoyur. Çünki İdlibdən sonra növbəti hədəf Afrin ola bilər. Məhz buna görə də İdlibdə Türkiyənin 12 müşahidə nöqtəsi var və TSQ onları günü-gündən gücləndirməyə davam edir.

NATO, Rusiya və İranın maraqları

Ekspertlər belə düşünürlər ki, ABŞ Suriyada Əsəd rejimini və hətta Rusiya dəstəkli hansısa rejimi görmək istəmir. Buna görə də Pentaqon ehtiyat edir ki, İdlibin itirilməsi Suriyada Qərbin mövqeyini xeyli zəiflədəcək. Lakin Ağ Ev hələ ki, bölgədə fəal şəkildə hərbi əməliyyatlara qoşulmur.

Rəsmi Moskva da bunu gözəl başa düşür. Buna görə də Türkiyənin hər cür səyinə baxmayaraq, Tehran zirvəsində Əsədin maraqlarını qurban vermədi və əksinə hökumət qüvvələrinə hücum üçün hər cür köməyə razı olduğunu bildirdi.

Rəsmi Tehran isə ABŞ- a qarşı istənilən siyasi və ya hərbi gücü dəstəklədiyini nümayiş etdirir. İran tərəfi ehtiyat edir ki, Suriyada (İdlibdə) geriyə atılacaq hər hansı addım əldə olunan nailiyyətlərin itirilməsinə gətirib çıxaracaq.

Soçi razılığından sonra bölgədə nələr gözlənilir?

Soçidə əldə olunan razılıq İdlibdə baş verən qarşıdurmanı azaltmaq üçün önəmli bir addımdır. Ekspertlər bildirirlər ki, bu anlaşma 3 milyon insanın və əksəriyyətin hökumətə qarşı müxalif olduğu bölgədə dinc sakinləri və hərbi qüvvələri müəyyən etməyə imkan verəcək. Ən azından bir müddət, gələcək tədbirlər barədə müəyyən bir qərara gəlincəyə qədər bu anlaşma İdlibdə sülhü qoruyacaq.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər