Gürcüstanda yaşayan xalqların arasında bu ölkəyə düşmən münasibət bəsləyənlərin içərisində ermənilərin öz çəkisi var. Söhbət daxili düşməndən gedirsə, bu faktor gözardı edilməməlidir. Xüsusilə, siyasi çevrələrdə ermənilər Gürcüstan üçün qəbuledilməzdir.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan KİV yazıb.
Məlumatda qeyd edilir ki, ermənilərin Gürcüstana qarşı separatçılıq meyilləri 1992-1993-cü ildə Abxaziyada başlayan qarşıdurma vaxtı açıq formada ortaya çıxmağa başlayıb:
“Hələ ermənilər SSRİ dönəmində Abxaziyanın Gürcüstandan qopmasına çalışıblar. 1990-cı illərdə baş verən hadisələrdən sonra Gürcüstanda yaşayan ermənilər “abxaz separatçıları” adını qazanıblar.
Gürcü-abxaz qarşıdurması dönəmlərində meydanda at oynadan əsas erməni birliyi Suxumidə fəaliyyət göstərən “Krunk” icması idi.
Həddən artıq siyasiləşmiş bu silahlı icma bölgədə gedən proseslərə təsir etmək gücündə idi. Bu, Gürcüstanın siyasi həyatında gərginlik yaratdı və vəziyyət getdikcə dərinləşirdi. Nəticədə situasiya qarşıdurma həddinə gəlib çıxdı”.
Gürcü mənbələr bildirirlər ki, Gürcüstanın mərhum prezidenti Zviad Qamsaxurdiyanın dönəmində ölkə ərazilərindəki separatçı ermənilərə qarşı ciddi təzyiqlər göstərilib:
“Bu təzyiqlər nəticəsində digər separatçı qruplaşmalarla yanaşı, ermənilər də Gürcüstan vətəndaşları olduqlarını qəbul etdilər. Lakin Qamsaxurdiyanın hakimiyyətdən getməsi ilə iqtidara gəlmiş Eduard Şevardnadzenin dönəmində bölgədə separatizm yenidən baş qaldırdı. 1992-ci ildə Gürcüstan Silahlı Qüvvələrinin Abxaziyaya girməsi ilə araya qan düşdü, tərəflər bir-birinin qanını tökməyə başladılar.
Abxazlar Gürcüstanla müharibəyə başladılar. Abxaziyada yaşayan etnik qruplarla yanaşı, Şimali Qafqaz respublikalarından da könüllü kazak dəstələri bura axın etməyə başladı. Bu vaxt ermənilər də “Baqramyan İttifaqı” adlı silahlı qruplaşma yaratdılar. Ermənilərin bu addımı bölgədə separatizmi daha da alovlandırdı”.