Suriyanın bölgədə möhkəmlənməsi İsraili qane etmir. Xüsusilə də Bəşər Əsədin hakimiyyətdə qalması onun maraqlarına uyğun deyil.
Bunu Rusiya və İsrail arasındakı təyyarə gərginliyini Teleqraf.com-a şərh edərkən politoloq Sədrəddin Soltan deyib.
Onun sözlərinə görə, İsraildən fərqli olaraq, Rusiya isə Bəşər Əsədin hakimiyyətdə qalması ilə Suriyanın güclənməsinə çalışır:
“Üstəgəl, rus qırıcısının vurulması İsrail və Rusiya arasındakı münasibətləri gərginləşdirdi. Düzdür, İsrail tərəfi iddia edir ki, təyyarənin vurulmasının onlarla əlaqəsi yoxdur, hətta yaxın günlərdə Moskvaya nümayəndə heyəti də göndərəcəklər. Rusiya da israrlar İsraili ittiham etmir.
Amma bununla belə Prezident Vladimir Putin və Müdafiə naziri Sergey Şoyqu təyyarənin vurulmasını cavabsız qoymayacaqlarını bəyan ediblər. Hətta, ötən gün Rusiya Suriyanın Aralıq dənizi sahillərində hərbi hava əməliyyatlarına başladıqlarını bildirdi. Bu əməliyyatlar nəticəsində də ruslar bölgədə hava və dəniz nəqliyyatını bağlayıblar”.
Sədrəddin Soltan ehtimal edir ki, Rusiya qırıcısını Bəşər Əsədə bağlı hava hücumundan müdafiə sistemi vurub: “Çünki təyyarə vurularkən İsrail həmin bölgəyə raket zərbələri endirirdi. Suriya tərəfi də İsrailə cavab atəşi açırdı. Mümkündür ki, Suriya ordusunun atdığı raket yalnış olaraq, rus qırıcısını vurub. Buna görə də məslənin aydınlaşdırılması üçün İsrail və Rusiya arasında danışıqlar davam edəcək. Yəni, bu gərginliyin münaqişəyə, yaxud qarşıdurmaya çevriləcəyi ağılabatan görünmür”.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya Silahlı Qüvvələrinə məxsus qırıcı Suriyanın Aralıq dənizi sahillərində raketlə vurulub.
Baş verən hadisəyə görə, İsrailin Suriyadakı hərbi birləşmələri ittiham edilir. Rəsmi Təl-Əviv Moskvanın ittihamlarını qəbul etmir.