23 Sentyabr 2018 19:25
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Telavi rayonunun Vardisubani kəndində 4 azərbaycanlının xəsarət alması ilə nəticələnən silahlı insidentlə bağlı 1 nəfər saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan 1977-ci il təvəllüdlü D.L. adlı şəxs 1986-cı il təvəllüdlü Qaracala kənd sakini R.S. adlı şəxsə tapançadan atəş açaraq hadisə yerindən qaçıb.

Polis silahı maddi sübut kimi müsadirə edib. Saxlanılan şəxsi 3 ilədək həbs cəzası gözləyir.

16:12

Gürcüstanın Telavi rayonunun Vardisubani və azərbaycanlıların sıx yaşadığı Qaracala kənd sakinləri arasında qarşıdurma baş verib.

Məlumata görə, Vardisubani kəndindən olan 6 nəfər taxta və dəmir dəyənəklərlə bazar ərazisində Qaracala kənd sakinlərinə hücum edib.

İnsident zamanı odlu silahdan da atəş açılıb. Nəticədə üç nəfər yaralanıb, 14 yaşlı yeniyetmə isə döyülüb. Onlar Telavi xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan xəsarət alanların həyatlarının təhlükədə olmadığı bildirilib.

Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin (GAMK) sədri Əli Babayev “Report”a bildirib ki, Vardisubani və Qaracala kəndlərinin sakinləri arasında münaqişə bir həftə öncə də baş verib: “Bu gün isə Vardisubani sakinləri Qaracala kənd sakinlərindən mal-qaranın bazar ərazisində onlara məxsus sahədən çıxarılmasını tələb etsələr də, qarşı tərəf buna əməl etməyib”.

Ə.Babayev insidentlə bağlı Kaxeti bölgəsinin qubernatoru İrakli Kadaqişvili ilə telefon əlaqəsi yaratdığını deyib: “Qubernator baş vermiş hadisəni diqqətdə saxladığını bildirdi. O, insidentin ətraflı araşdırılacağını və günahkarların qanun çəçivəsində cəzalandırılacağını söylədi”.

Ə.Babayev qeyd edib ki, xəsarət alan Qaracala kənd sakinlərinin vəziyyəti stabildir.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi açıb./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər