BƏƏ, Misir və ABŞ rəsmiləri arasında gizli görüş keçirilib.
Teleqraf.com Misir KİV-ə istinadla xəbər verir ki, Fələstin-İsrail münaqişəsinə dair keçirilmiş görüş BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində baş tutub.
Toplantıda Fələstin rəsmilərindən heç kəs iştirak etməyib. Yalnız Fələstin müxalifətindən olan nümayəndə heyətinin qatıldığı görüşün ABŞ Prezidenti Donald Trampın göstərişi ilə təşkil edildiyi iddia olunur.
Misirin “Xaliç” Araşdırmalar Mərkəzi bu formatda olan görüşün 3-cü dəfədir təşkil edildiyini bildirib. Bu, bölgədə təhlükəsizliyin təmin edilməsi üçün hazırlanan “Əsrin anlaşması” proyektinin tərkib hissəsidir.
Mərkəzin iddiasına görə, region dövlətləri arasındakı bu gizli anlaşma Amerika prezidentinin xüsusi nümayəndələri Jared Kuşner (Trampın kürəkəni) və Ceyson Qrinbaltın iyunda ərəb ölkələrinə səfərlərində əldə edilib. Anlaşmanın müəlliflərindən birinin İordaniya kralı Abdullah olduğu iddia olunur.