24 Sentyabr 2018 13:04
1 993
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda bələdiyyə seçkiləri keçirilib.

Teleqraf.com xəbər verir ki, seçkilərdə baş nazir Nikol Paşinyanın dəstəklədiyi “Mənim addımım” bloku 81 faizlə qalib gəlib.

Sıralamada “Çiçəklənən Ermənsitan” partiyası 6,95 faiz səslə ikinci yerdə qərarlaşıb. Üçüncü yeri isə “İşıq” bloku tutub (4,99 faiz).

Daşnaklar seçkidə cəmi 1,6 faiz səs toplaya biliblər.

Bununla da “Mənim addımım” blokunun siyahısında lider olan Ayk Marturyan 10 oktyabr tarixindən İrəvanın meri vəzifəsini icra etməyə başlayacaq. O, Paşinyanı dəstəkləyənlər içərisində xüsusi yer tutur.

İrəvanda bələdiyyə seçkiləri ölkədəki inqilabdan sonra ilk siyasi yarışdır. Burda diqqəti çəkən məqam seçici fəallığının son illərin ən aşağı həddində olmasıdır.

Seçkilərdə ümumi elektoratın cəmi 43,65 faizi iştirak edib ki, bu da 373 323 nəfər edir.

Erməni ekspertləri hesab edirlər ki, İrəvanda seçici fəallığının bu cür aşağı olması insanların demokratiyaya və seçkilərin şəffaflığına olan inamının zəifləməsindən irəli gəlir. Son zamanlar ölkə daxilində davam edən hakimiyyət çəkişməsi inqilabdan sonra gözlənilən inkişaf barədə xəyalları puç etdi.

Həmçinin qeyd olunur ki, Paşinyanın siyasəti ilk əvvəllər onu dəstəkləyən elektoratın sayında xeyli azalmaya səbəb olub.

Bəs bundan sonra nələr baş verəcək? Ekspertlər hesab edirlər ki, Paşinyanın dəstəklədiyi blokun qələbə qazanması onu növbədənkənar parlament seçkiləri keçirməyə ruhlandırdı. Artıq o, aktiv şəkildə keçmiş iqtidara və digər siyasi qüvvələrə qarşı mübarizəni davam etdirəcək və bütün siyasi opponentlərini sıradan çıxarmağa çalışacaq.

Bəs Ermənistanda parlament seçkiləri keçirilərsə, Rusiya buna müdaxilə edəcəkmi?

Ekspertlər belə düşünür ki, rəsmi Moskva xalqın etirazlarını nəzərə alaraq ehtiyatlı davranacaq. Kreml Paşinyanın siyasətindən razı deyil və baş nazirə onun kifayət qədər alternativi var. Mütəxəssislər Rober Köçəryanın yenidən favoritə çevriləcəyini də istisna etmirlər. Onun son dövrlərdə fəallığını artırması və yenidən siyasətə qayıdacağını bəyan etməsi parlament seçkilərində sabiq prezidentdən sürpriz gözləməyə zəmin yaradır.

Moskva Köçəryan kartını yenidən gözdən keçirə bilər, ancaq ekspertlərin fikrincə, Kreml vəziyyət nəzarətdən çıxmayana qədər müdaxilə etməyəcək.

Onu da qeyd edək ki, bələdiyyə seçkilərində keçmiş iqtidar partiyası olan “Respublika” siyasi təşkilatı iştirak etməyib.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər