25 Sentyabr 2018 11:05
1 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqon rəhbəri Ceyms Mettis Pekinə səfər etmək və Çinlə əlaqələri normallaşdırmaq istəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, ötən həftə rəsmi Pekin ABŞ-ın Çin mallarına tətbiq etdiyi yeni vergilər və Rusiyadan alınan silahlara görə elan etdiyi sanksiyalara etiraz olaraq həm ticarət, həm də hərbi danışıqlardan tamamilə imtina edib.

Pentaqon rəhbəri Ceyms Mettis keçirdiyi mətbuat konfransında Çinlə əlaqələrin qorunub saxlanması vacibliyindən danışıb və diplomatik qarşıdurmanın hər iki ölkəyə ciddi ziyan vuracağını vurğulayıb:

“Biz inanırıq ki, Çinlə münasibətləri qoruyub saxlamaq çox vacibdir. Dövlət katibi Mayk Pompeo və mən bu barədə eyni fikirdəyik”

Bu ilin iyun ayında Pekinə səfər edən Ceyms Mettis Çinin Müdafiə naziri Vei Fenglə görüşüb. Pentaqon həmin dövrdə rəsmi Pekinin Cənubi Çin dənizində öz hərbi qüvvələrini artırmasından narahat idi. Mettis görüş zamanı bu hadisənin Çin-ABŞ ticarət əlaqələrinə ziyan vuracağını qeyd etsə də Vei Fengin “Silahlı qüvvələrimizin hələ də alternativ variantları mövcuddur” deməsi Pentaqon rəhbərində ciddi narahatlıq yaradıb.

Pentaqonun Uzaq Şərq məsələləri üzrə nümayəndəsi Kolonel Deyv ABŞ sanksiyalarının Çin-Rusiya yaxınlaşmasını daha da sürətləndirdiyini qeyd edib:

“Bizim bu münasibətlər barədə ətraflı məlumatımız yoxdur. Zaman ötdükcə Çin bizə düşmən olmağa başlayıb. Buna yola vermək ağılsızlıq olar”.

Çinin Rusiyadan silah almasından sonra rəsmi Vaşinqtonun münasibətləri bu səviyyədə korlamasına səbəb nədir?

Çin 2017-ci ildə Rusiyadan 10 SU-35 qırıcılarını satın alıb. Daha sonra 2018- ci ildə S-400 komplekslərini satın almaq barədə qərar qəbul edib. Vaşinqton isə Rusiyadan S-400 hava hücumundan müdafiə kompleksləri alacaq ölkələrə sanksiya tətbiq edəcəyi barədə xəbərdarlıq etmişdi.

S-400-lər Moskvanın ən effektiv hava hücumundan müdafiə sistemləridir və quraşdırılan radarlar 400 km məsafədə uçan istənilən obyekti rahatlıqla məhv edir. ABŞ bu sistemləri əldə edən ölkələrin sayının artmasından narahatdır.

Özəlliklə Çinin məhz bu sistemləri əldə etməsi Vaşinqtona başqa çıxış yolu qoymur.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər