Bu gün səhər saatlarında Ermənistanın keçmiş polis komandanı, general-leytenant Levon Eranosyan Xüsusi İstintaq İdarəsinə çağırılıb.
Teleqraf.com xəbər verir ki, ilkin olaraq, sabiq polis komandanının hansı səbəblə istintaqa çağırıldığı açıqlanmasa da, daha sonra vəkili Tiqran Safaryan məsələ ilə bağlı açıqlama verib.
Məlum olub ki, Levon Eranosyan öz vəzifələrindən sui-istifadəyə görə istintaq idarəsinə çağırılıbmış. O, 16 və 22 aprel tarixlərində Baqramyan və Artsax prospektlərində baş vermiş hadisələrdə vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.
Tiqran Safaryan qeyd edib ki, istintaq idarəsi sabiq polis komandanının ölkədən çıxmasına qadağa qoyub və onun yaxın vaxtlarda yenidən ifadəsi alınacaq.
Levon Eranosyan 2012-ci ildən etibarən Ermənsitan polis qüvvələrinin komandanı vəzifəsini icra edib və sabiq baş nazir Serj Sərkisyanın ölkədə hüquq-mühafizə sahəsinə nəzarət etməkdə ən çox etibar etdiyi kadrlardan hesab olunurdu. Ermənistanda aprel ayından etibarən başlayan etiraz mitinqləri zamanı Nikol Paşinyanın həbsi məhz onun göstərişi əsasında reallaşıb. Həmçinin, etiraz aksiyaları və küçə yürüşlərinə son qoymaq məqsədilə Levon Eranosyan insanlara qarşı zorakı əməlləri ilə seçilirdi.
Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra vəzifədən uzaqlaşdırılacaq insanların siyahısında ön sıralarda yer alan Levon Eranosyan bu ilin may ayının 11-də baş nazir Nikol Paşinyanın əmri ilə vəzifəsindən azad edilib.
Hazırda onun da adı Serj Sərkisyanın qardaşları Levon, Saşik Sərkisyan və sabiq baş nazirin digər tərəfdarları kimi ölkədən çıxışına qadağa qoyulan şəxslərin siyahısındadır.