İsrail Suriyada İran qüvvələrinə qarşı əməliyyatları davam etdirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail hökumətinin bəyanatında bildirilir.
Bəyanatda vurğulanır ki, İsrail Suriyada təhlükəsizlik sahəsində Rusiya ilə əməkdaşlıq etməlidir.
Kabinet Rusiyaya məxsus "İl-20" vurulması ilə bağlı hadisəni şərh etdikdən sonra belə qərar verib
Qeyd edək ki, Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, onun ölkəsi iki həftə ərzində Suriyaya "S-300" raket əleyhinə kompleksləri təqdim edəcək. "Bu komplekslər 250 kilometrdən artıq məsafədə olan hava hücumu vasitəsini tutmaq və eyni zamanda bir neçə hava hədəfini vurmaq qabiliyyətinə malikdir" – deyə Şoyqu vurğulayıb.
Rusiya müdafiə nazirinin sözlərinə görə, "S-300" Suriya Hava Hücumundan Müdafiə qüvvələrinin imkanlarını artıracaq. Şoyqu xatırladıb ki, Rusiya 2013-cü ildə Dəməşqə "S-300" komplekslərinin çatdırılmasını dayandırmışdı, lakin vəziyyət artıq dəyişib və bu, Moskvanın günahı üzündən baş verməyib.
Xatırladaq ki, Suriyanın Xmeymim əyalətində yerləşən Rusiya hərbi bazasının komandanlığı sentyabrın 18-i 00:00 radələrində Hava-Kosmik Qüvvələrinin "İl-20" təyyarəsi ilə əlaqəni itirib. Ekipajla əlaqə Aralıq dənizində, Suriya sahillərindən 35 kilometr aralıda itib.
Rəsmi Moskva hadisənin İsrailin məsuliyyətsiz davranışı və təhlükəli vəziyyət yaratması ucbatından baş verdiyini bəyan edir. İsrail tərəfi isə təyyarənin Suriyaya məxsus raket tərəfindən vurulduğunu iddia edir. Hadisə Moskva ilə Təl-Əviv arasında diplomatik gərginlik yaradıb.