ABŞ-ın İran hakimiyyəti qarşısında qoyduğu şərtlər yeni deyil. Bunlar 1995-ci ildən – keçmiş prezident Bill Klinton dönəmindən irəli sürülən şərtlər və tətbiq edilən sanksiyalardır.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.
Onun sözlərinə görə, İran bu günədək ABŞ tərəfindən irəli sürülmüş şərtlərin heç birini yerinə yetirməyib:
“ABŞ İran hakimiyyətindən tələb edir ki, insan haqlarını pozmasın, milli azlıqların milli-mədəni haqlarını yerinə yetirsin, bölgə və dünyada terrorizmin sponsorluğundan əl çəksin, qonşu və Vaşinqtona müttəfiq olan dövlətlərin daxili işlərinə qarışmasın, nüvə proqramında şəffaflığa əməl etsin, qonşu dövlətlərdə gedən demokratikləşmə prosesinə mane olmasın. ABŞ prezidentləri neçə illərdir bu məsələni İran qarşısında qaldırır. İndi də bu addımları Donald Tramp atır.
Amma Tramp Barak Obamanın İranla imzaladığı nüvə anlaşmasından imtina etdi. Digər yandan, Corc Buş dönəmində də, İran “şər bucağı” adlanırdı, terrorçu dövlətlərdən biri sayılırdı. Obama dönəmində də İranın iqtisadi və maliyyə sektorlarına sanksiyalar tətbiq olunurdu, hazırda da bu sanksiyalar davam edir. Noyabrdan isə İranın energetika (neft-qaz) sektoruna sanksiyaların tətbiq ediləcəyi planlaşdırılır”.
Sədrəddin Soltan qeyd edib ki, son 30-40 il ərzində ABŞ-ın İrana qarşı münasibətində ciddi dəyişiklik olmayıb:
“İran da bu illər ərzində ABŞ-ın irəli sürdüyü şərtlərin heç birini yerinə yetirməyib. İran bu şərtlərdən hansısa birini yerinə yetirsəydi, sanksiyaların müddəti bu qədər uzanmazdı. Vəziyyətin dəyişməməsi gərginliyin daha da artmasına səbəb olur. Çünki müasir dünyanın inkişaf istiqamətinin əks tərəfində dayanmış İran hakimiyyəti cəmiyyəti sıradan çıxmış qaydalara sıxışdırır, bu cwr idarə etməyə çalışır. Bu fonda da ABŞ sanksiyaları daha da sərtləşdirir.
İran cəmiyyətinin özü də yenilənmək istəyir. Təbii olaraq, buna ehtiyacı var. İran hakimiyyəti isə cəmiyyətin bu istəyini yerinə yetirməkdənsə, günahı başqasında axtarmağa çalışır. Yəni, ABŞ İranla diplomatik masa arxasında o zaman otura bilər ki, irəli sürdüyü şərtlər yerinə yetirilsin. İran hakimiyyəti isə insanların məişət həyatından tutmuş, bütün haqlarına qədər müdaxilə edir. İnsanların öz övladlarına ad qoymasına belə müdaxilə olunur. Bununla bağlı İran hakimiyyətinin “zor aparatı” var”.
Politoloq ABŞ-ın İranın terrorizmə dəstək verdiyini bildirdiyinə də diqqət çəkib: “Bəhreyn, Küveyt və Ərəb körfəzinə daxil olan ölkələr dəfələrlə bəyan ediblər ki, İran bizim daxili işlərimizə müdaxilə edir. İran kəşfiyyatının bu ölkələrdə fəaliyyət göstərdiyini dəfələrlə bəyan ediblər. İran həmin silahlı qruplaşmalara dəstək verir ki, ABŞ və Avropa İttifaqı rəsmi qaydada onları terror təşkilatları kimi tanıyır.
Eyni zamanda, ABŞ İran qarşısında o məsələni qaldırır ki, nüvə silahı və raket istehsalını dayandırsın. İran isə raket sınaqlarını dayandırmır və nüvə obyektlərindəki fəaliyyətlərində şəffaf olmadığını göstərir. Yəni, İran irəli sürülmüş şərtləri yerinə yetirmirsə, ABŞ onunla eyni masa arxasında necə otura bilər?”.
Qeyd edək ki, İran Prezidenti Həsəni Ruhani açıqlama verərək, ABŞ-ın yenidən müzakirələrə başlamaqdan başqa şansının olmadığını deyib. O eyni zamanda qeyd edib ki, İranın tərəfləri razı salacaq yeni şərtləri var.