Ərdoğanın yerinə kimin gələcəyi bu gün dəqiqləşəcək
Bu gün Türkiyə vaxtı ilə saat 14:00-da ölkənin hakim Ədalət və İnkişaf Partiyası Mərkəzi Yönətim Kurulunun (MYK) Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə son toplantısı keçiriləcək. Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın həm də baş nazir kimi sonuncu dəfə keçirəcəyi toplantıda prezident Abdullah Gülün avqustun 19-da axşam keçirdiyi qəbulda işarə etdiyi kimi xarici işlər naziri Əhməd Davudoğlunun AKP baş katibi və baş nazir olmasına dair yekun qərarın veriləcəyi gözlənilir.
Toplantıya AKP-nin baş katibinin müavinləri və müşavirləri ilə yanaşı qadın və gənclik qollarının rəhbərləri də qatılacaq. İclasda MYK üzvü olmamasına rəğmən hökumətlə TBMM-dəki AKP qrupu arasındakı əlaqələrə cavabdeh olan baş nazirin müavini Bəşir Atalay da qatılacaq.
Ərdoğanın siyasi məsləhətçisi və Ankara millət vəkili Yalçın Akdoğanın da toplantıya qatılması gözlənilir. Akdoğanın adının yeni kabinetdə Atalayın yerinə keçməsi toplantını maraqlı hala gətirəcək. Kulislərdə dolaşan xəbərə görə, Akdoğan kabinetdə yer alacağı halda Atalayın vəzifəsi ilə yanaşı, baş nazirin müavini Bülənt Arıncın həyata keçirdiyi hökumət sözçülüyü vəzifəsi də ona həvalə olunacaq. Bununla belə, Ərdoğanın partiyanın Abdullah Gülə yaxınlığı ilə seçilən “köhnə qvardiya” ilə yenilər arasında problem yaşamaması üçün “tarazlıq kabineti”nə üstünlük verəcəyi halda, Arıncla yanaşı Akdoğanın da kabinetdən kənar qala biləcəyi fikri irəli sürülür.
Səxavət