2 Oktyabr 2018 18:39
1 812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Rusiyanın maliyyə bazarlarında vəziyyət bir qədər optimist sayıla bilər. Neftin bahalaşması Rusiya ilə yanaşı, digər bazar iştirakçılarını da müsbət əhval-ruhiyyəyə kökləyib.

Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı Vüsalə Əhmədova deyib. O, son günlər rus rublunun da bir qədər öz yerini gücləndirdiyini bildirib:

“Rubl avroya nisbətdə 0,3%, dollara nisbətdə isə 0,1% dəyər qazandı. Digər yandan ABŞ Federal Ehtiyatlar Sisteminin açıq bazarlar üzrə iclasının nəticələri tənzimləyici siyasətin sərtləşdiriləcəyini gözləmyə əsas vermir. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar İran və Şimali Koreyaya tətbiq edilən sanksiyalar qədər sərt olmayacaq.

Rusiya dünya iqtisadiyyatına yüksək səviyyədə inteqrasiya olduğu üçün ABŞ Maliyyə Nazirliyi A əks-təsirləri minimuma endirmək məqsədilə Rusiyaya qarşı fərqli sanksiya siyasəti həyata keçirməyi planlaşdırır.
Qənaətimə görə, Rusiya iqtisadiyyatı Birləşmiş Ştatların əvvəllər sanksiyalar tətbiq etdiyi ölkələrin iqtisadiyyatlarından kəskin fərqlənir. Bu da dolayısıyla onu göstərir ki, ABŞ iri dövlət banklarının dollar əməliyyatlarına məhdudiyyətlər tətbiq etməyəcək. Bundan əlavə, Rusiyanın dövlət borcuna və dövlət banklarına qarşı tətbiq olunacaq sanksiyalar çox güman ki, noyabrın əvvəlində Konqresə keçiriləcək orta müddətli seçkilərə qədər təxirə salınacaq.

Bundan əvvəl Konqresdə sanksiyalar məsələsi ilə bağlı heç bir səsvermə planlaşdırılmır”.

Rusiya iqtisadiyyatının kifayət qədər böyük olduğunu deyən Vüsalə Əhmədovanın sözlərinə görə, Rusiya dünya iqtisadiyyatına, beynəlxalq maliyyə sisteminə və dünya tədarük zəncirinə inteqrasiya edib:
“İran və Şimali Koreya isə on illərdir beynəlxalq maliyyə sistemindən izolyasiya edilmiş vəziyyətdədirlər. Buna görə də, Rusiyaya maksimum təzyiq göstərmək və eyni zamanda da ABŞ-ın beynəlxalq iqtisadiyyatına zərər verməmək üçün ABŞ öz təsir mexanizmlərini zərgər dəqiqliyi ilə seçir. Neft-qaz sektorunun yenidən qiymətləndirilməsinə qədər ABŞ yüksələn neft qiymətlərindən dolayı Rusiya ilə yumşaq davranmağa çalışacaq.

Hesab edirəm ki, hazırda Rusiya valyutası üçün əsas müsbət amil neft qiymətlərinin artması və davam edən vergi ödəmələridir. Son dövrlərdə investorlar da Vaşinqtonun sanksiya ritorikasına daha tolerant yanaşırlar və anti-Rusiya bəyanatlarına daha az reaksiya verirlər.

Bu ərəfədə isə ABŞ daxili işlər naziri Rusiyanın Yaxın Şərqdəki enerji siyasətinə mane olmaq üçün Rusiyanın dənizdən blokadaya alınması ehtimalı barədə məlumat yaymışdı. Buna baxmayaraq, valyuta bazarının bu xəbərə reaksiyası neytral oldu. Yaxın gələcəkdə rublun dinamikası eyni zamanda, inkişaf etməkdə olan ölkələrin valyuta bazarlarındakı ümumi vəziyyətdən də asılı olacaq.

Ümumiyyətlə oktyabr ayında investorların riskə meyillilik həddinin hazırkı səviyyədə qalması gözlənilir. Buna görə də, mövcud şərtlərdə rublun ciddi dəyişməsi gözlənilmir”.

Ekspert qeyd edib ki, ABŞ-ın siyasi elitasının bir hissəsi Prezident Vladimir Putinə təzyiqi artırmaq üçün sanksiyalarla bağlı qanunun qəbul edilməsini istəyir: “Bu, Putin üçün ciddi bir mesajdır və Rusiya özü də sanksiyalara çox ciddi yanaşır. Rusiyanın bu vəziyyətə müqavimət göstərə biləcəyini düşünmürəm. Təkcə milli valyutalarla hesablaşmalara keçid planı qalır.

Rusiyanın rublla hesablaşmalar apara biləcəyi də bir qədər qeyri-mümkündür. Çünki qlobal ticarətdə əsas pul vahidi dollardır. Heç bir rus oliqarxının rublda ehtiyat saxladığını da düşünmürəm. Yalnız şirkətləri dünya miqyasında geniş yayılmış və sanksiyalara məruz qalmayan iqtisadi cəhətdən inkişaf etmiş olan ölkələrin valyutası ilə hesablaşmaların aparıla biləcəyi real görünür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər