3 Oktyabr 2018 18:30
1 369
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel ayında olduğu kimi, dünən axşam da Ermənistanın bir çox şəhərlərində xalq yenidən küçələrə axışdı.

Teleqraf.com xəbər verir ki, bu dəfə də onların başında Nikol Paşinyan idi. Lakin deputat kimi yox, artıq baş nazir kimi. Bu dəfə bu cür mitinqin keçirilməsinə səbəb Ermənistan parlamentinin Konstitusiyanın 50-ci maddəsinə etdiyi düzəlişlərlə bağlı idi. Mitinq iştirakçıları qarşısına çıxan Paşinyan birdən-birə bu düzəlişləri dəsətkləyən bütün nazirləri vəzifəsindən azad etdiyini bəyan etdi. Həm də əlavə etdi ki, özü də tezlikə istefa verəcək. Nəyə görə? –Yalnız ona görə ki, yenidən baş nazir olsun. Yalnız bu dəfə parlamentdə tərəfdarlarının üstünlüyü ilə.

Dünən Ermənistanın parlament binası da erməni etirazçılar tərəfindən mühasirəyə alınmışdı. Onlar deputatlardan “parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini məhdudlaşdıran” düzəlişin ləğvini tələb edirdilər. Nikol Paşinyanın əsas arzusu isə növbədənkənar seçkilərin keçirilməsidir və buna görə də o, heç bir vəchlə bu qanun layihəsinin qüvvəyə minməsinə yol verə bilməzdi. Paşinyan yenə də xalqın sadəlövhlüyündən istifadə edərək, onları meydanlara toplamağı bacardı.

Bu qanun layihəsi parlamentin ölkədə Paşinyan hegemonluğuna qarşı yönəlmiş özünümüdafiə addımı idi. Baş nazir artıq aldadılmış xalqın təzyiqi ilə istədiyi insanı vəzifəyə təyin edir, istədiyini azad edir. O, hətta mitinq iştirakçıları qarşısında çıxışında qanuna dəyişikliyi “əks inqilabi xarakterli addım” kimi təqdim edərək, növbədənkənar seçkilər üçün qarşısında duran maneələri dəf etməyə çalışdı.

Mitinq iştirakçıları parlamentə gedən küçələri, yolları bağlayaraq, “ERP, çıx get!” şüarları ilə barrikadalar qurdular. Paşinyan isə daha da irəli gedərək “Daşnaksütyun” və “ Çiçəklənən Ermənistan” partiyasından olan nazirlərin vəzifədən azad edilməsi haqqında sənədi əhali qarşısında imzaladı. Bununla da Ermənistanın fövqəladə hallar, energetika, təbii sərvətlər, kənd təsəərüfatı, iqtisadi inkişaf, nəqliyyat, informasiya və texnologiya, idman və gənclər nazirləri vəzifələrindən azad edildilər. Həmçinin bu partiyalardan olan qubernatorlar da istefaya getdilər. Ölkədə faktiki olaraq bütün hakimiyyət boş qaldı və hökumətdə olmayan nazirlərin “baş naziri” qaldı. Ermənistanda “hakimiyyətsizlik” dövrü başladı.

Nikol Paşinyan artıq parlamenti hədələməkdən belə çəkinmir:

“Nəzəriyyəyə uyğun olaraq “Respublika”, “Daşnaksütyun” və “Çiçəklənən Ermənistan” partiyaları yeni baş nazir seçə bilərlər. Ancaq onlar gözəl bilirlər ki, bunun nəticəsi olaraq onları xalqın qəzəbi gözləyir. Mən onlara təklif etdim ki, mənim istefamdan sonra heç bir baş nazir seçməsinlər və növbədənkənar parlament seçkilərinə getsinlər...”.

Paşinyan ölkədə həm qanun yaratmağa çalışır, həm də bu ölkənin qanunverici orqanın qərarlarına hörmət etmir. O, əminliklə bildirir ki, yenidən baş nazir seçilməyəcəyi təqdirdə xaosu dayandırmayacaq. Ermənistan parlamenti hazırda bir nəfər natiqin istəkləri ilə oturub durur və erməni milli məclisində onun qanunları qəbul edilir.

Erməni deputat Eduard Şarmazanov qeyd edib:

“Parlament Nikol Paşinyanın təzyiq və təhdidləri ilə üz-üzədir. Bu demokratiya və hakimiyyət bölgüsü prinsipinə tamamilə ziddir”.

Bəs, Ermənistanda baş verənlərə Moskvanın təsiri varmı?

Ermənistan parlamenti əslində vəziyyətin bu həddə çatacağını bəlkə də güman edirdi. “Respublika”, “Daşnaksütyun” və “Çiçəklənən Ermənistan” partiyaları Moskvanın göstərişi ilə növbədənkənar seçkilərə getmirlər. Onlar bu müddəti uzatmaqla Nikol Paşinyanın seçici bazasının azalmasını gözləyirlər. İndiki vəziyyətdə seçkilər Paşinyanın qalibiyyətini və Parlamentdə vahid qüvvəyə çevrilməsini təmin edəcək.

Paşinyan da zaman keçdikcə tərəfdarlarının azalması faktını görür və anlayır. Dərhal hərəkətə keçməsə, onun baş nazir postunda uzun müddət qala biləcəyi sual altındadır.

Moskva artıq yenə seçim qarşısındadır: Paşinyanın seçkiyə gedib qələbə çalmasına mane olmamaq və onu qəbul etmək, ya da iqtisadi təzyiqlə baş naziri gözləməyə vadar etmək. Nikol Paşinyan gözəl anlayır ki, hətta parlament seçkiləri keçirib yenidən hakimiyyətə gəlsə belə, o, postunu Kremlin dəstəyi olmadan saxlaya bilməz.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər