Kreml yaxınlığında inanılmaz hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə rusiyalı deputat Aleksandr Xinşteyn danışıb.
Deputat qeyd edib ki, Primoriya sakini olan bir nəfər Kreml yaxınlığında öz “Mercedes G55” markalı avtomobilini partlatmaq istəyib.
Kremlə yaxın yolda sürət həddini aşan şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Maşın saxlandıqdan sonra Primorya sakini olan sürücü Vladimir Putin və ya rus qvardiyasının komandanı Viktor Zolotovla görüş tələb edib. Əks təqdirdə maşında olan qaz balonunu partladacağını deyib.
Vəziyyət dərhal qvardiya komandanına məruzə edilib.
“Viktor Vasilyeviç həmin şəxsin görüş tələbini qəbul edib. Hadisə yerinə gəlib, onun maşınına əyləşib, söhbət edib, onu sakitləşdirib və təslim olmağa vadar edib” – deyə Aleksandr Xinşteyn bildirib.
Maşında həqiqətən qaz balonunun olduğuna diqqət çəkən deputat balonu Zolotovun şəxsən özünün çıxardığını vurğulayıb. Daha sonra qvardiya komandanı maşının açarlarını və saxlanılan şəxsi hüquq-mühafizə orqanlarına təhvil verib.
Bildirilir ki, şübhəli şəxs son dövrlərdə bir sıra maliyyə problemləri olan rusiyalı iş adamı imiş və onun tələbləri də bundan qaynaqlanırmış.