Xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yeni baş katibi Bağdad Amreyevi qəbul edib.
XİN-dən Teleqraf.com-a verilən məlumata görə, E.Məmmədyarov B.Amreyevi Türk Şurasının baş katibi seçilməsi münasibətilə təbrik edib.
B.Amreyev fəaliyyəti zamanı dövlət başçılarının qəbul etdiyi qərarlar əsasında Türk Şurasının daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. O, Azərbaycanın bu işdə həmişə dayaq olacağına ümidvar olduğunu bildirib. Bu mənada Türk Şurasının bir beynəlxalq qurum olaraq 2009-cu ildə Naxçıvanda keçirilən zirvə toplantısında təsis edilməsinin tarixi əhəmiyyəti vurğulanıb.
E.Məmmədyarov B.Amreyevə fəaliyyətində uğurlar arzulayıb və Azərbaycanın Türk Şurasının fəaliyyətinə gələcəkdə də töhfəsini davam etdirəcəyini söyləyib.