4 Oktyabr 2018 17:54
1 554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki hərbi birləşməsinin əsgəri Gevorq Aroyan qətlə yetirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni mətbuatına əsgərin anası Arina Aroyan məlumat verib.

O, Gevorqun döyülərək öldürüldüyünü iddia edib:

“Oktyabrın 1-də mənə dedilər ki, oğlun gözlənilmədən vəfat edib. Mən buna inanmadım. Gevorqun ölümündən bir gün əvvəl Qarabağa getmişdim, yaxşı idi. Səhəri gün isə mənə bu pis xəbəri gətirdilər. Meyitinə baxdım, bədənində, gözlərinin altında və qulaqlarına bənövşəyi rənglər var idi”.

Oktyabrın 2-də isə Ermənistan Silahlı Qüvvələrinin Hərbi Tədqiqat İdarəsi bəyanat yayaraq, Gevorq Aroyanın sinəsinə atəş açaraq intihar etdiyini bildirmişdi.

Anası Arina isə əksini iddia edir: “Mən onu ziyarət etməyə gedəndə uşaq köhnə paltarda idi. Ona yeni hərbi forma aldım. Paltarını dəyişdirəndə başında yara olduğunu gördüm. Bu haqda mənə heç nə demədi, amma mən bildim ki, ona burada işgəncə verirlər.

O, qorxusundan şikayət etmədi. Lakin mən bu işi araşdırmaq üçün Xankəndinə getdim, mənə dedi ki, general Manvelyan mənə kömək edə bilər. Mən Gevorqa dedim ki, qayıdacam. O isə mənə dedi ki, ana tez gəl.

Mən heç nə düşünə bilmirdim, o, dəhşət içində qorxurdu, az qala yalvarırdı. Mənim uşağım intihar edə bilməzdi, bu, axmaqlıqdır. Onu işgəncə verərək, döyərək öldürüblər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər